Dünya
Rusiyada vətəndaşlıq almaq xeyli bahalaşdı: Putin qanunu imzaladı
Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənədə əsasən, Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 12 dəfə artırılır. Oxu.Az xəbər verir ki, qanun rəsmi hüquqi informasiya portalında dərc olunub. Qanuna əsasən, miqrantlar üçün aşağıdakı dövlət rüsumları artırılır: Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi - 12 dəfə: 4 200 rubldan (təqribən 96 manat) 50 min rubla (təqribən 1 137 manat) qədər; Müvəqqəti yaşamaq icazəsinin rəsmiləşdirilməsi - 8 dəfə: 1 920 rubldan (təqribən 44 manat) 15 min rubla (təqribən 341 manat) qədər; Daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi - 5 dəfə: 6 min rubldan (təqribən 137 manat) 30 min rubla (təqribən 682 manat) qədər. Bundan əlavə, miqrantların işə cəlb olunmasına icazənin verilməsi üçün dövlət rüsumu da artırılır. Belə ki, hər bir xarici mütəxəssis üçün bu rüsum 15 min rubla (təqribən 341 manat) çatdırılır. Qanuna əsasən, əvvəllər SSRİ vətəndaşı olmuş, həmvətənlərin köçürülməsi üzrə dövlət proqramında iştirak edən xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri Rusiya vətəndaşlığını əldə edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Sənəd həmçinin Rusiya üçün maraq kəsb edən xarici vətəndaşları, vətəndaşlığı olmayan şəxsləri və onların ailə üzvlərini müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi ilə bağlı dövlət rüsumundan azad edir. Bundan başqa, "xüsusi hərbi əməliyyat" dövründə Rusiya Silahlı Qüvvələri ilə hərbi xidmət müqaviləsi bağlamış əcnəbilər də Rusiya vətəndaşlığının alınması və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumlarını ödəməyəcəklər.
Mənbə
oxu.az