Dünya
Fransanın nüvə aviadaşıyıcısında yanğın baş verib
Oktyabrın 5-də Fransanın "Şarl de Qoll" atom aviadaşıyıcısında yanğın baş verib. Oxu.Az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, hadisə gəmi Tulon hərbi-dəniz bazasında texniki xidmətdə olarkən baş verib. "Gəminin heyəti dərhal yanğının söndürülməsinə başlayıb", - deyə nəşr Aralıq dənizi zonasının dəniz prefekturasının məlumatına istinadən yazıb. Tulon bazasının yanğınsöndürənləri də hadisə yerinə cəlb olunublar. Yanğın lokallaşdırılıb və təxminən 1 saat 15 dəqiqə ərzində tamamilə söndürülüb. Yanğın aviasiya anqarının yaxınlığında yerləşən texniki sahədə baş verib. Gəmi avqustun sonundan dekabrın əvvəlinədək texniki xidmət üçün öz limanında körpüdə saxlanıldığından, anqarda aviasiya texnikası olmayıb. Dəniz prefekturası yanğının ehtimal olunan səbəbinin qaz odluğundan istifadə edilməklə metal kəsmə işlərinin aparılması olduğunu bildirib. Hazırda qəza briqadaları Marseldən gələn dəniz yanğınsöndürənləri batalyonunun dəstəyi ilə hadisə yerində işlərini davam etdirirlər. Prefektura həmçinin bildirib ki, xəsarət alan olmayıb və gəminin nüvə qurğularına hər hansı təsir qeydə alınmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Qəzet xatırladır ki, "Şarl de Qoll" bu ilin yayına qədər Yaxın Şərqdə münaqişənin genişlənməsi təhlükəsinin qarşısını almaq məqsədilə Aralıq dənizinin şərq hissəsində olub.
Mənbə
oxu.az