Dünya
ABŞ-də seçkidə iştirak edən 16 əcnəbiyə ittiham irəli sürülüb
ABŞ prokurorluq orqanları federal seçkidə iştirak etmiş 16 əcnəbi vətəndaşa qarşı müxtəlif ittihamlar irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun funksiyalarını da həyata keçirən ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, həmin şəxslər "qanunsuz səsvermə, seçici kimi saxta qeydiyyatdan keçmə" və bu qəbildən olan digər hüquq pozuntularında ittiham olunurlar. Ədliyyə Nazirliyinin yaydığı məlumatda 16 əcnəbinin adları və onlara qarşı ittihamların irəli sürülməsi ilə bağlı hallar qeyd olunur. Söhbət Baham adaları, Bosniya və Herseqovina, Braziliya, Qana, Almaniya, İtaliya, Kanada, Kuba, Liberiya, Litva, Meksika, Nikaraqua, Şimali Makedoniya və Cənubi Afrika Respublikasının vətəndaşlarından gedir. Onların hamısının ABŞ-də yalnız yaşayış icazəsi olub və seçkidə səsvermə hüquqları olmayıb. Vaşinqton federal seçkidə səs verən şəxslərin ABŞ vətəndaşlığının olub-olmamasının yoxlanılması qaydalarının sərtləşdirilməsi istiqamətində addımlar atır. ABŞ Prezidenti Donald Tramp Konqresin bununla bağlı qanun layihəsini qəbul etməsini tələb edir.
Mənbə
oxu.az