Dünya
Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi
Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilən şəxs adam öldürmə, adam öldürməyə cəhd və sağlamlığa ağır zərərvurma maddələri üzrə günahkar bilinib. Məhkəmənin qərarı məhkəmə-tibbi ekspertizası, psixiatriya və dilçilik sahəsi üzrə mütəxəssislər də daxil olmaqla, səkkiz ekspertin rəyinin və 109 şahidin ifadəsinin dinlənildiyi uzunmüddətli prosesdən sonra elan edilib. Vurğulanıb ki, məhkəmə prosesi çoxlu sayda zərərçəkmişin və onların nümayəndələrinin iştirakı ilə baş tutub. Cinayət işinin materialları bir neçə min səhifədən ibarət olub. Media mənbələrinin məlumatına əsasən, dinləmələr zamanı müttəhimin davranışı dəfələrlə məhkəmədə müzakirə mövzusu olub. Onun bəzi ifadələr zamanı aqressivlik nümayiş etdirə bildiyi, həmçinin şəxsiyyəti barədə danışılarkən emosional reaksiyalar verdiyi bildirilib. Bundan əvvəl aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxsə şəxsiyyət pozuntusu diaqnozu qoyulduğu bildirilsə də, o, anlaqlı hesab edilib və cinayət məsuliyyətinə cəlb olunub. Xatırladaq ki, terror aktı 20 dekabr 2024-cü il tarixində axşam saatlarında baş verib. BMW markalı yolsuzluq avtomobilinin Maqdeburqda ənənəvi Milad yarmarkasında insanların arasına girməsi nəticəsində 6 nəfər həlak olub, onlarla insan isə xəsarət alıb. Daha sonra isə bu terror hücumunun bir neçə həftə ərzində planlaşdırıldığı da məlum olub.
Mənbə
oxu.az