Dünya

Kral III Çarlz Bukingem sarayından birdəfəlik köçür?

26 Jun 2026, 16:36 2 baxış
Kral III Çarlz Bukingem sarayından birdəfəlik köçür?
Böyük Britaniya Kralı III Çarlz yenidənqurma işləri başa çatdıqdan sonra Bukingem sarayında yaşamamaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi monarxın mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, o bu London iqamətgahından yalnız rəsmi işlər üçün istifadə etməyə davam edəcək, eyni zamanda, binanın ziyarətçilər üçün daha əlçatan olmasını planlaşdırır. "Əlahəzrət Bukingem sarayına böyük sevgi bəsləyir və onun həm kral ailəsinin, həm də cəmiyyətin həyatındakı mövqeyinə dərin hörmətlə yanaşır. Saray rəsmi iş yeri olaraq qalacaq, lakin biz dövlət büdcəsindən maliyyələşən bu binadan milli faydanı ən yüksək səviyyəyə çatdırmaq məqsədilə ictimaiyyətin girişini genişləndirmək niyyətindəyik", - deyə Bukingem sarayının sözçüsü qeyd edib. Qeyd edilib ki, Bukingem sarayında mərhələli bərpa işlərinə 2017-ci ildə başlanılıb və onların on il ərzində yekunlaşması nəzərdə tutulur. Təmir səbəbindən 2024-cü ilin dekabrından 2027-ci ilə qədər iqamətgahda rəsmi qəbullar dayandırılıb. Bu müddət ərzində bütün dövlət tədbirləri Londondan qərbdə yerləşən Vindzor qəsrinə keçirilib. III Çarlz isə hazırda paytaxtdakı Klarens-haus iqamətgahında yaşayır. 2025-ci ildə "The Times" qəzetinin sifarişi ilə "YouGov" sosioloji şirkəti tərəfindən aparılan sorğu göstərib ki, britaniyalıların əksəriyyəti Londondakı Bukingem sarayının vergi ödəyicilərinin pulları hesabına təmir edilməsinin əleyhinədir. 2.5 min nəfərin iştirak etdiyi tədqiqata əsasən, respondentlərin 56%-i Böyük Britaniya hökumətinin III Çarlzın 775 otaqlı iqamətgahının bərpasını maliyyələşdirməməli olduğunu bildirib. Eyni zamanda, sorğuda iştirak edənlərin yalnız 29%-i dəyəri 369 milyon funt sterlinq (485 milyon dollar) olaraq qiymətləndirilən təmir üçün büdcə vəsaitlərinin xərclənməsini dəstəkləyib. Qalan iştirakçılar isə dəqiq mövqe bildirə bilməyib. Bukingem sarayı 1837-ci ildə Kraliça Viktoriyanın taxta çıxmasından sonra Britaniya monarxlarının rəsmi London iqamətgahına çevrilib. Tikili 1761-ci ildə kral ailəsi tərəfindən baronet Çarlz Şeffilddən satın alınıb. Saray XIX əsr boyu və XX əsrin əvvəllərində dəfələrlə genişləndirilərək yenidən qurulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər