Dünya
ABŞ Ali Məhkəməsi miqrantlarla bağlı iki mühüm qərar qəbul edib
ABŞ Ali Məhkəməsi immiqrasiya məsələsi ilə bağlı eyni anda iki qərar qəbul edib. Hər iki qərar Prezident Donald Tramp administrasiyasının xeyrinədir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Ali Məhkəmə özünün birinci qərarı ilə müəyyən edib ki, miqrasiya orqanları ABŞ-Meksika sərhədində sığınacaq üçün müraciət edən miqrantlara, əgər onlar fiziki olaraq ABŞ ərazisində deyillərsə, rədd cavabı vermək hüququna tam malikdirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, miqrantlar ABŞ-yə gəldikdən sonra sığınacaq üçün müraciət etmək hüququna malikdirlər. Uzun müddət administrasiya nümayəndələri iddia edirdilər ki, "ABŞ-yə gəlmək" sadəcə sərhəddəki miqrasiya xidmətinin əməkdaşları ilə ünsiyyət qurmaq deyil, birbaşa sərhədi keçmək deməkdir. Ali Məhkəmə bu rəylə razılaşıb. Özünün ikinci qərarı ilə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib. Həmin qərarlar federal hökumət orqanlarına Haitidən gəlmiş 350 min nəfərin və 6 100 Suriya vətəndaşının statusunu (müvəqqəti qorunan şəxs statusu) geri çağırmağı qadağan edirdi. Onların bir çoxu illərdir ABŞ-də yaşayır və işləyir. Müvəqqəti qorunan şəxslər ABŞ-də yaşamaq və işləmək hüququ əldə edirlər. Bu müddət ərzində onların miqrasiya statusundan və ABŞ-də olmalarının ilkin qanuniliyindən asılı olmayaraq, ölkədən çıxarıla bilməzlər. Qanuna görə, hərbi əməliyyatlar və ya təbii fəlakətlər səbəbindən öz ölkəsinə qayıda bilməyən şəxslər müvəqqəti qorunan şəxs statusu ala bilərlər. Müşahidəçilər qeyd edirlər ki, bu qərar həm də ona görə vacibdir ki, digər ölkələrin vətəndaşlarının da müvəqqəti qorunan şəxs statusunun ləğv edilməsi üçün bir presedentə çevrilə bilər.
Mənbə
oxu.az