İdman
Rafael Fiziyev: "Rəqibi analiz etmişəm, ona necə qalib gələcəyimi bilirəm"
"Rəqibim məndən hündürdür". Oxu.Az xəbər verir ki, bunu "UFC Fight Night"da gecənin əsas döyüşündə Manuel Torreslə qarşılaşacaq azərbaycanlı təmsilçi Rafael Fiziyev deyib. O bildirib ki, hər ikimizin gücü əllərimizdədir: "UFC-də çox döyüşlərim olub. Ona görə özümü daha təcrübəli sayıram. Rəqibi analiz etmişəm. Onu necə məğlub edəcəyimi bilirəm. İkimizin də əllərində "qumbara" var. Ümid edirəm azarkeşlər üçün maraqlı döyüş göstərə biləcəyik. Mən 3 raundlu və 4 raundlu yarışlarda da çıxış etmişəm. Beş raundlu döyüş daha yaxşıdır. Düşünürəm ki, döyüş 20 dəqiqə davam edərsə, rəqibi daha yaxşı analiz edib məğlub edə biləcəyəm". Fiziyev rəqibin gücü barədə də danışıb: "Mən deyərdim ki, rəqibin xüsusi bir gücü yoxdur. O, sadəcə olaraq adi fəndləri daha yaxşı icra etməyi bacarır. Bunu görmək üçün rəqibin son üç döyüşünü izləmək bəs edir". "İllər öncə mənim ailəm Mərkəzi Asiyaya göndərilib və valideynlərim orada yaşayaraq, ayaqda qalmağı bacarıblar. Mən artıq üçüncü nəslin nümayəndəsi olaraq bu gün buradayam. Əminəm ki, babalarım bu günü görsəydilər, mənimlə fəxr edərdilər. Necə ki, atam mənimlə fəxr edir. Burada özümü çox rahat hiss edirəm". Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq. Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
Mənbə
oxu.az