Dünya
Dünyanın ən sürətli superkompüteri yenidən Çindədir: ABŞ liderliyi itirib
Dünyanın ən sürətli superkompüterlərinin yenilənmiş reytinqində gözlənilməz dəyişikliklər baş verib. Çin Milli Superkompüter Mərkəzi tərəfindən hazırlanan "LineShine" sistemi dünyanın ən sürətli hesablama sistemi kimi reytinqə başçılıq edib. Oxu.Az "Engadget" nəşrinə istinadən xəbər verir ki, bu nailiyyətlə Çin 2017-ci ildən sonra ilk dəfə qlobal superkompüter reytinqində liderliyi geri qaytarıb. "LineShine" ABŞ-nin Lourens Livermor Milli Laboratoriyasında fəaliyyət göstərən və 1 809 ekzaflops göstərici ilə əvvəlki lider olan "El Capitan" sistemini geridə qoyub. Müasir superkompüterlərin əksəriyyətindən fərqli olaraq, "LineShine" qrafik prosessorlardan (GPU) istifadə etmir. Bunun əvəzinə sistem xüsusi hazırlanmış mərkəzi prosessorlara (CPU) əsaslanan unikal arxitektura üzərində qurulub. Sistem 304 nüvəli xüsusi prosessorlardan ibarətdir və ümumi nüvə sayı 13.79 milyona çatır. Prosessorlar 1.55 giqahers tezliyində işləyir və yüksək sürətli məlumat ötürmə şəbəkəsi ilə birləşdirilib. Sistemin enerji sərfiyyatı təxminən 42.2 meqavatt (MVt) təşkil edir. Buna baxmayaraq, hesablama səmərəliliyi hər vatt üçün 52.07 giqaflopsa bərabərdir ki, bu da belə miqyaslı sistemlər üçün ən yüksək göstəricilərdən biridir. Xatırladaq ki, əvvəlki lider "El Capitan" qrafik prosessorlardan istifadə edən hibrid arxitekturası sayəsində yüksək məhsuldarlıq nümayiş etdirirdi. Yeni Çin yanaşması isə mərkəzi prosessor hesablamalarının miqyasının genişləndirilməsinə üstünlük verib.
Mənbə
oxu.az