Dünya
İranın bütün ərazisi üzərində uçuşlar bərpa edildi
İran hökuməti ölkənin qərb hissəsi üzərində hava əlaqəsini tam bərpa edib və tranzit reyslərin həyata keçirilməsinə icazə verib. Oxu.Az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı rəsmi saytında məlumat yayıb. Bundan əvvəl uçuşların yalnız İranın şərq hissəsində həyata keçirilməsinə icazə verilirdi. "Təyyarələrin uçuşu üçün ölkənin qərb hissəsinin hava məkanı da şərq hissəsi kimi sutka ərzində fasiləsiz əməliyyat rejimində fəaliyyət göstərməyə başlayıb. Daxili reyslərlə yanaşı, ölkənin hava məkanından tranzit uçuşların həyata keçirilməsi üçün də zəruri şərait yaradılıb", - deyə təşkilatın bəyanatında bildirilir. Qeyd olunur ki, ölkənin bütün hava limanları aeronaviqasiya məlumatları toplusunda göstərilən şərtlər və qaydalara uyğun olaraq aviasiya fəaliyyətini həyata keçirə bilər.
Mənbə
oxu.az