Dünya

Belçika ilk dəfə "Taliban"a viza verdi

23 Jun 2026, 17:36 3 baxış
Belçika ilk dəfə "Taliban"a viza verdi
Belçikanın paytaxtı Brüsseldə miqrasiya məsələlərinə dair keçiriləcək Avropa İttifaqı (Aİ) toplantısında iştirak etmək üçün beş nəfərdən ibarət "Taliban" nümayəndə heyətinə viza verilib. Oxu.Az xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurumun sözçüsü bildirib ki, verilən vizalar həm müddət, həm də coğrafi əhatə dairəsi baxımından sərt qaydalara tabedir. Nümayəndə heyətinə yalnız bir gün və ancaq Belçika ərazisində qalmağa icazə veriləcəyini vurğulayan sözçü, təhlükəsizlik səbəbindən səfərin dəqiq tarixinin gizli saxlanıldığını qeyd edib. Məsələ ilə bağlı məlumat verən iki avropalı rəsmi isə nümayəndə heyətinə təqdim edilən birgünlük vizanın yalnız 23 iyun, çərşənbə axşamı günü üçün qüvvədə olduğunu bildirib. İnsan haqları təşkilatları bu cür dialoqun əfqanları təhlükəyə atacağı və Aİ-nin əsas dəyərlərinə zərər verəcəyi barədə sərt xəbərdarlıqlar etsə də, Avropa Komissiyası əfqan miqrantların deportasiyası proseslərini müzakirə etmək üçün ötən ay "Taliban" rəsmilərini Brüsselə dəvət etmişdi. Komissiya bu görüşün tamamilə texniki xarakter daşıdığını və "Taliban" rəhbərliyinin rəsmi olaraq tanınması mənasına gəlmədiyini iddia edir. "Taliban"ın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhar Bəlxiyə ünvanlanan məktuba əsasən, iclasın əsas gündəm maddəsi Avropa İttifaqında yaşamaq hüququ olmayan Əfqanıstan vətəndaşlarının geri qaytarılması və təkrar qəbulu məsələlərindən ibarət olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər