İdman
Mükafatlandırma mərasimlərində gimnastlar üçün yeni sərt qaydalar
Beynəlxalq Gimnastika Federasiyası ("World Gymnastics") idmançıların mükafatlandırma mərasimlərindəki davranış qaydalarını yeniləyərək, sənədə etika pozuntularına görə məsuliyyət dərəcəsini müəyyən edən iki yeni maddə əlavə edib. Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Qaydaların sırasına daxil olan yeni 13-cü maddə fəxri kürsüdə siyasi, dini və ya irqi təbliğata; hər hansı siyasi, dini və ya irqi simvolların, işarələrin, mesajların, bannerlərin, geyimlərin və ya jestlərin nümayişinə, geyinilməsinə və ya istifadəsinə, həmçinin, "World Gymnastics" tərəfindən təsdiqlənmiş rəsmi milli bayraqlar istisna olmaqla, digər bütün bayraqların nümayişinə ən sərt şəkildə qadağa qoyur. 14-cü maddədə isə sanksiyalar öz əksini tapıb. Bu normaya əsasən, 13-cü maddənin pozulması diskvalifikasiya, nəticələrin ləğvi, medalların və titulların geri alınmasına qədər gətirib çıxara bilən ciddi hüquqpozma kimi qiymətləndirilir. Milli federasiyalar öz idmançılarının qaydalara riayət etməsinə görə tam məsuliyyət daşıyacaqlar və pozuntular təşkilata qarşı həm intizam, həm də maliyyə sanksiyaları ilə nəticələnə bilər.
Mənbə
oxu.az