İdman
İspaniya millisinin məşqində təhlükə - Futbolçular qapalı zala sığındılar
DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində Uruqvay yığması ilə matça hazırlaşan İspaniya millisinin təlim-məşq toplanışı gözlənilməz səbəbdən yarımçıq dayandırılıb. Oxu.Az xəbər verir ki, komandanın baza kimi seçdiyi Tennessi ştatının Çattanoqa şəhərində baş tutan hazırlıq prosesi şiddətli külək səbəbindən vaxtından əvvəl yekunlaşdırılmalı olub. Yaşıl meydançaya çıxan futbolçular cəmi 20 dəqiqədən sonra oranı tərk etmək məcburiyyətində qalıblar. Qeyd edək ki, məşq başlamazdan əvvəl bölgədəki hər kəsin mobil telefonuna sürəti saatda 130 kilometrə çatan fırtına və güclü külək təhlükəsi barədə xüsusi xəbərdarlıq mesajı daxil olub. Bütün bu xəbərdarlıqlara rəğmən, stadionun tabe olduğu Beylor məktəbinin rəhbərliyi ilkin olaraq məşqin baş tutmasına razılıq verib. Bu qısa müddət ərzində futbolçular 30 yaşını qeyd edən komanda yoldaşları Rodri və Mikel Merinonu, eləcə də 65 illik yubileyini qeyd edən baş məşqçi Luis de la Fuenteni təbrik etməyə macal tapıblar. Ancaq çox keçmədən başlayan leysan yağışları vəziyyəti dəyişib və İspaniya yığması hazırlıq prosesini qapalı idman zalında davam etdirməyə məcbur olub. Xatırladaq ki, İspaniya milli komandası DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində Uruqvay seçməsi ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma iyunun 27-də baş tutacaq.
Mənbə
oxu.az