Dünya

Pul xərcləmədən alış-veriş: Cənubi Koreyada qəribə trend yayılır

23 Jun 2026, 01:30 2 baxış
Pul xərcləmədən alış-veriş: Cənubi Koreyada qəribə trend yayılır
Cənubi Koreyada qeyri-adi internet trendi sürətlə populyarlıq qazanır. İstifadəçilər pul xərcləmədən yemək, müxtəlif məhsullar və ya konsert biletləri "sifariş etməyə" imkan verən sayt və tətbiqlərdən istifadə edirlər. Real alış-veriş baş verməsə də, bir çoxları bunun həqiqi alış-veriş zamanı yaşanan məmnunluğa bənzər hisslər yaratdığını deyirlər. Oxu.Az xəbər verir ki, bu barədə "Vice" nəşri yazıb. İlk baxışdan ideya qəribə görünür. İstifadəçi sayta daxil olur, məhsul seçir, sifarişi rəsmiləşdirir, kuryerin xəritədə hərəkətini izləyir və çatdırılma barədə bildiriş alır. Lakin nə bağlama gəlir, nə də hesabdan pul silinir. Bütün bunlar sadəcə simulyasiyadır. Bu tip xidmətlər getdikcə daha çox istifadəçi cəlb edir. Yemək çatdırılması asılılığı ilə mübarizə məqsədilə yaradılmış Koreya layihələrindən biri sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. İstifadəçilər bildirirlər ki, bu təcrübə onlara gecə saatlarında yemək sifariş etmək istəyini cilovlamağa, pula qənaət etməyə və artıq kalorilərdən uzaq durmağa kömək edir. Bundan əlavə, zaman maşını, görünməzlik plaşı və arzuları həyata keçirən qurğular kimi fantastik məhsulların təqdim olunduğu virtual mağazalar da yaradılıb. "Alış-verişdən" sonra istifadəçilər həmin əşyanı həqiqətən əldə etmiş kimi zarafat xarakterli rəylər yazırlar. Beləliklə, bu platformalar istehlak prosesini bir növ əyləncəli oyuna çevirirlər. Psixoloqlar bu xidmətlərin populyarlığını insan psixologiyasının xüsusiyyətləri ilə əlaqələndirirlər. Bir çox insan hesab edir ki, məmnunluq yalnız hər hansı əşyaya sahib olmaqla əldə edilir. Lakin araşdırmalar göstərir ki, müsbət emosiyaların əhəmiyyətli hissəsi artıq seçim və gözləmə mərhələsində formalaşır.
Mənbə oxu.az

Oxşar Xəbərlər