Dünya
"Epşteyn işi"nin gizlinləri: Çatışmayan sənədlər və məxfi saxlanılan adlar
ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteynin işi ilə əlaqədar 6 milyondan çox material topladığını bildirsə də, bunun yalnız yarısı ictimaiyyətə açıqlanıb. Nazirlik "CBS News" telekanalına verdiyi açıqlamada dərc olunmayan 3 milyon sənədin ya təkrarlanan məlumatlardan ibarət olduğunu, ya Epşteynlə əlaqəsinin olmadığını, ya da hüquqi imtiyazlarla qorunduğunu bildirib. Oxu.Az xəbər verir ki, mühüm sənədlərin hələ də gizlədilməsi ilə bağlı narahatlıqlar barədə "CBS News" telekanalı araşdırma aparıb. Buna baxmayaraq, "CBS News"un apardığı araşdırma mühüm sənədlərin gizlədilməsi ilə bağlı ciddi narahatlıqlar yaradır. Telekanalın təhlillərinə görə, bir çox mühüm sual hələ də cavabsız qalıb. Araşdırmada üzə çıxan əsas çatışmazlıqlar: - İctimai xadimlərin adlarının olduğu yerlərdə edilən şübhəli redaktələr (adların qaralanması). - Epşteynin şəxsi hesablarından göndərilən e-poçtların böyük bir qisminin fayllara daxil edilməməsi. - Elektron məktublara əlavə edilmiş sənədlərin (qoşmaların) çatışmaması. - Radio rabitə qeydlərinin olmaması. - 2009-cu ildən sonrakı masaj seanslarının cədvəllərinə dair qeydlərin yoxa çıxması. - Həbsxanadakı təhlükəsizlik kameralarının qeydlərinin natamam olması. - Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) istintaqından itkin düşən sənədlər. - Digər dövlət qurumlarının (ICE, Maliyyə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi - CIA) potensial əhəmiyyətli materiallarının siyahıya salınmaması. Nümayəndələr Palatasının üzvü Robert Qarsiya qeyd edib ki, ictimaiyyət bu 3 milyon sənədin içində nələrin olduğunu bilməlidir. "Epşteyn işinin şəffaflığı haqqında Qanun"a əsasən, məlumatların gizlədilməsi üçün əsaslar çox məhduddur və qanun qurbanların müdafiəsini hədəfləyir. Lakin praktikada "reputasiyaya zərər vurma" və ya "siyasi həssaslıq" bəhanəsi ilə bir çox məşhur şəxsin adı silinsə də, zərərçəkənlərin adları açıq saxlanılıb. Məsələn, Stiv Bennonun şəklinin internetdə hər kəsə bəlli olmasına baxmayaraq, sənədlərdə onun üzü qaralanıb. Eyni zamanda, birinci xanım Melaniya Trampın Qisleyn Maksvell ilə yazışmaları kimi bir çox nümunədə şəxsi məlumatlar redaktə olunub. Epşteynin istifadə etdiyi şifrəli "Signal" tətbiqindəki mesajlar isə ümumiyyətlə istintaq materiallarında yoxdur. Ən diqqətçəkən boşluqlardan biri isə həbsxanadakı təhlükəsizlik kameraları ilə bağlıdır. Arxiv sənədləri göstərir ki, Ədliyyə Nazirliyində Epşteynin ölümündən əvvəlki və sonrakı dövrü əhatə edən 8 terabaytdan çox videoqeyd olmalı idi, lakin həmin videoların, o cümlədən 2019-cu ilin iyulunda baş vermiş ilk intihar cəhdinin görüntüləri mövcud deyil.
Mənbə
oxu.az