Dünya
Kainatın "qədim qonağı": 12 milyard il yaşı olan kometa tədqiq edildi
Beynəlxalq planetoloqlar qrupu ulduzlararası "3I/ATLAS" kometasının qeyri-adi izotop tərkibini və digər unikal xüsusiyyətlərini araşdıraraq, onun təxminən 12 milyard il əvvəl - Kainatın gənclik dövründə formalaşmış uzaq və soyuq bir ulduz sistemindən gəldiyi qənaətinə gəlib. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub. Araşdırmaya rəhbərlik edən Martin Kordiner və həmkarları bildiriblər ki, "3I/ATLAS" kometasında hidrogenin ağır izotopu olan deyteriumun miqdarı Günəş sistemindəki bütün məlum obyektlərlə müqayisədə rekord səviyyədədir. Bundan əlavə, kometada karbon-12 və karbon-13 izotoplarının nisbəti də yaxınlıqdakı protoplanetar disklərdə və qaz buludlarında müşahidə olunan göstəricilərdən kəskin şəkildə fərqlənir. Alimlərin fikrincə, bu xüsusiyyətlər kometanın təxminən 12 milyard il əvvəl formalaşdığını və çox qədim bir planet sisteminin qalıqlarından biri olduğunu sübut edir. Nəticələr "James Webb" kosmik teleskopu və "Atacama Large Millimeter/submillimeter Array" (ALMA) vasitəsilə əldə olunan müşahidələrə əsaslanır. 2025-ci ilin sonunda Günəşə yaxınlaşan kometanın səthi qızaraq qaz və toz püskürmələrinə səbəb olub; tədqiqatçılar məhz bu maddələrin tərkibini təhlil ediblər. Qeyd edək ki, "3I/ATLAS" 1 iyul 2025-ci il tarixində ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) "ATLAS" teleskoplar şəbəkəsi tərəfindən aşkar edilib.
Mənbə
oxu.az