Dünya
Ermənistanda Sarukyana məxsus kazinonun lisenziyası ləğv edilib
Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" Partiyasının lideri, iş adamı Qaqik Sarukyana məxsus ən böyük kazinolardan biri olan "Şanqri La"nın ("Onira Klab" MMC tərəfindən idarə olunur) lisenziyası ləğv edilib. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan "Facebook" sosial şəbəkəsində məlumat verib. "Onira Klab" MMC-nin ("Şanqri La") kazino fəaliyyəti üçün verilmiş lisenziyası hüquqi qüvvəsini itirmiş hesab edilir", - deyə Q.Papoyan müvafiq sənədin fotosunu paylaşaraq bildirib. "Onira Klab" Qaqik Sarukyana məxsus çoxşaxəli "Multi Group" holdinqinin tərkibinə daxildir. Məlumata görə, Sarukyanın biznes strukturlarına qarşı təzyiqlər Ermənistanın baş naziri Nikol Paşinyanın hüquq-mühafizə orqanlarına ölkənin ən iri müxalif qüvvələrinin liderləri ilə bağlı araşdırmalara başlamaq göstərişi verməsindən sonra güclənib. Mayın 20-də Lori vilayətinin icmalarından birində seçkiqabağı təşviqat zamanı çıxış edən Paşinyan dövlətin Sarukyana məxsus "Araratsement" zavodunu milliləşdirəcəyini və müəssisəyə müvəqqəti idarəçi təyin edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu proses müxalif "Güclü Ermənistan" Partiyasının rəhbəri Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətində tətbiq olunan mexanizmə bənzər qaydada həyata keçiriləcək. Paşinyanın bəyanatından sonra Ermənistan Prokurorluğu "Araratsement" zavodunun və ona bitişik torpaq sahələrinin özəlləşdirilməsi zamanı qanun pozuntularının aşkar edildiyini bildirib. Daha sonra qurum "Araratsement" ASC-yə qarşı məhkəmə iddiası qaldıraraq şirkəti "Voske Banali" ("Qızıl Açar") sanatoriyasının alınması zamanı pozuntulara yol verməkdə ittiham edib.
Mənbə
oxu.az