Dünya
Rusiyada Booking.com-a qarşı inzibati iş açıldı
Rusiyada hotel bronlaşdırma platforması olan Booking.com-a qarşı qeyri-ənənəvi seksual münasibətlərin təbliği iddiası ilə inzibati protokol tərtib edilib. Oxu.Az xəbər verir ki, bu barədə məhkəmə işləri kartotekasında yer alan məlumatlarda qeyd olunub. Məlumata əsasən, şirkət barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinin 4-cü hissəsi üzrə iş açılıb. Material paytaxt məhkəmələrindən birində qeydiyyata alınıb, lakin işə baxılacağı tarix hələ müəyyənləşdirilməyib. Həmin maddəyə əsasən, hüquqi şəxslər 5 milyon rubla (115 min manatdan çox) qədər cərimələnə və ya onların fəaliyyəti 90 günədək müddətə inzibati qaydada dayandırıla bilər. Booking.com səyahətlər zamanı hotel, mənzil, villa və digər yaşayış obyektlərinin bronlaşdırılması üzrə dünyanın ən böyük platformalarından biridir. Şirkət Niderlandda qeydiyyatdan keçib. Qeyd edək ki, Booking.com 2022-ci il martın 5-də Ukraynadakı hərbi əməliyyatlar fonunda Rusiya və Belarus bazarlarında fəaliyyətini dayandırıb. Bundan əvvəl analoji qərarı "Airbnb" platforması da qəbul etmişdi.
Mənbə
oxu.az