Dünya
ABŞ iqtisadiyyatının əfsanəvi siması Alan Qrinspen 100 yaşında vəfat etdi
ABŞ Federal Ehtiyat Sisteminə (FRS) 18 il rəhbərlik etmiş nüfuzlu amerikalı iqtisadçı Alan Qrinspen iyunun 22-də 100 yaşında Parkinson xəstəliyinin ağırlaşmaları nəticəsində vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" mərhumun həyat yoldaşına istinadən məlumat yayıb. Məlumata görə, Qrinspen dörd ABŞ prezidentinin hakimiyyəti dövründə ardıcıl beş müddət - 1987-ci ildən 2006-cı ilin əvvəlinədək - FRS-in sədri vəzifəsini icra edib. Həmin illərdə ölkədə işsizliyin aşağı səviyyədə olduğu şəraitdə iqtisadiyyat və fond bazarı sürətlə inkişaf edib. "Bloomberg"in məlumatına görə, bu müddət ərzində "S&P 500" fond indeksi təxminən dörd dəfə artıb, ABŞ ÜDM-nin orta illik artım tempi 3,5 faiz, işsizlik səviyyəsi isə 5,5 faiz təşkil edib. Qrinspenin FRS-də fəaliyyətinin son illərində isə ABŞ iqtisadiyyatında disbalanslar formalaşmağa başlayıb və sonradan 2007-ci ilin ortalarında qlobal maliyyə böhranına gətirib çıxaran ciddi problemlər üzə çıxıb. Xatırladaq ki, Alan Qrinspenin FRS-ə rəhbərlik etdiyi dövr ABŞ Mərkəzi Bankının tarixində ikinci ən uzun rəhbərlik müddəti hesab olunur. Bu vəzifəni ondan daha uzun - 19 il ərzində - yalnız Uilyam Makçesni Martin-kiçik tutub. O, 1951-ci ildən 1970-ci ilədək FRS-in sədri olub.
Mənbə
oxu.az