Dünya
Zelenski: "Ukrayna Rusiyaya qarşı uzaqmənzilli zərbələri artıracaq"
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın pilotsuz uçuş aparatları 3 000 kilometrdən çox məsafə qət edə biləcək və ölkə Rusiyaya qarşı uzaqmənzilli zərbələrin imkanlarını daha da genişləndirəcək. Oxu.Az xəbər verir ki, Zelenski bu barədə "TSN. Tijden" telekanalına müsahibəsində danışıb. "Biz elə bir mərhələdəyik ki, müdafiə-sənaye kompleksimiz, müdafiə qüvvələrimiz və istehsal imkanlarımız müharibəni Rusiyanın öz ərazisinə qaytarmağa başlayıb. Bu baş verəcək. Onlar hər gün bizə zərbələr endirirlər, biz də hər gün cavab verəcəyik. Şübhəsiz ki, hər gün daha da güclənəcəyik", - deyə Zelenski bildirib. Ukrayna lideri qeyd edib ki, Kiyev Rusiyanın Tümen vilayətində yerləşən neft emalı zavoduna cavab zərbəsi endirib. "2 070 kilometr məsafədə yerləşən hədəfi FP dronlarımız vurdu. Onların marşrutu 2 500 kilometr təşkil edirdi. Bu dronlar gələcəkdə 3 000 kilometrdən də artıq məsafəyə uça biləcəklər. Bunlar yeni və daha təkmil pilotsuz uçuş aparatlarıdır. Biz irəliləməyə davam edəcəyik. Çünki onların bütün hərbi obyektlərinin, zavodlarının, neft bazalarının, qaz anbarlarının və digər strateji məntəqələrinin harada yerləşdiyini bilirik. Bizə daha uzaq məsafələrə zərbə endirmək imkanları lazımdır və bu istiqamətdə işləyirik", - deyə Ukrayna prezidenti vurğulayıb. Zelenskinin sözlərinə görə, Ukrayna bu il Rusiyaya qarşı daha ağrılı zərbələr endirməyə başlayıb. O bildirib ki, bu, Rusiyaya münasibətdə dünyada analoqu olmayan ədalət elementidir. Qeyd edək ki, iyunun 20-də Zelenski Ukrayna dronlarının sərhəddən 2 000 kilometrdən çox məsafədə yerləşən Rusiyanın Tümen vilayətindəki neft emalı zavoduna zərbə endirdiyini açıqlamışdı.
Mənbə
oxu.az