Dünya
Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
Türkiyənin Ukraynaya "Korkut" yaxınmənzilli hava hücumundan müdafiə sistemləri tədarük etdiyi bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə oktyabrın 5-də "Middle East Eye" nəşri mənbələrə istinadən məlumat yayıb. "Bu ilin əvvəlində Türkiyə Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemləri tədarük edib", - deyə materialda qeyd olunub. Nəşrin mənbələrinin məlumatına görə, tədarük edilən komplekslər pilotsuz uçuş aparatları və qanadlı raketlər də daxil olmaqla, hava hədəflərindən müdafiə üçün nəzərdə tutulub. Mənbələr Ukraynada artıq neçə belə sistemin yerləşdirildiyini dəqiqləşdirməyib. "Politico" qəzeti sentyabrın 28-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Avropa ölkələrini ehtiyatlarında olan hava hücumundan müdafiə vasitələrini Ukraynaya göndərməyə çağırdığını bildirib. "Reuters" agentliyi isə sentyabrın 23-də Ukraynanın hava hücumundan müdafiə sistemlərinin Rusiyanın yeni pilotsuz uçuş aparatlarına qarşı mübarizədə çətinlik çəkdiyini yazıb. Qeyd olunub ki, həmin PUA-ların yüksək sürətlə hərəkət etməsi və əhəmiyyətli yüksəklikdə uça bilməsi onların qarşısının alınmasını çətinləşdirir.
Mənbə
oxu.az