Dünya
Sem Altman İlon Maskı geridə qoydu: ABŞ-nin ən nüfuzlu şəxsləri açıqlandı
"OpenAI" şirkətinin rəhbəri Sem Altman ABŞ-də ən böyük təsirə və real hakimiyyətə malik şəxslərin "Vanity Fair" tərəfindən hazırlanan siyahısında birinci olub. Oxu.Az xəbər verir ki, jurnalın "The New Establishment 2026" adlı illik siyahısında ikinci yeri "Anthropic" şirkətinin rəhbəri Dario Amodei, üçüncü yeri isə "SpaceXAI"nin sahibi İlon Mask tutub. "Vanity Fair" Altmanın nüfuzunu "ChatGPT"nin istifadəyə verilməsi və süni intellekt texnologiyalarının sürətli inkişafı ilə əlaqələndirib. Jurnal onu gələcəkdə "dövrümüzün Oppengeymeri" kimi qiymətləndirə biləcəklərini qeyd edib. İlk onluğa, həmçinin "Nvidia" şirkətinin rəhbəri Jensen Huang, ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Uorş, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, "Alphabet" şirkətinin rəhbəri Sundar Piçai, "Netflix"dən Ted Sarandos və "YouTube" rəhbəri Nil Mohan daxil olublar. Jurnal qeyd edib ki, siyahı sərvətə və ya izləyicilərin sayına görə deyil, şəxslərin "real hakimiyyəti" nəzərə alınmaqla hazırlanıb.
Mənbə
oxu.az