İdman
Fərman Həsənov: "UFC-də məqsədim titul uğrunda döyüşməkdir" - FOTO
"UFC-də məqsədim özümü ən yüksək səviyyədə sübut etməkdir". Oxu.Az xəbər verir ki, bu fikirləri azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək "UFC Fight Night" turniri ərəfəsində hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşərək azarkeşlərə çağırış edərkən bildirib: "UFC mənim üçün hər zaman həm məqsəd, həm də arzu olub. Bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış edirəm. Amma mənim üçün bu, hələ yolun başlanğıcıdır. UFC-də məqsədim özümü ən yüksək səviyyədə sübut etmək, ardıcıl qələbələr qazanmaq və titul uğrunda döyüşməkdir. Özümü heç bir rəqibdən zəif hesab etmirəm və hər döyüşə qalib gəlmək niyyəti ilə çıxıram. UFC turnirinin Bakıda təşkil olunması ölkəmiz üçün çox böyük hadisədir. Dünyanın diqqəti həmin gün Azərbaycanda olacaq və bu tarixi turnirin bir hissəsi olmaq mənim üçün böyük qürurdur. Doğma azarkeşlər qarşısında döyüşmək isə mənə daha yüksək motivasiya verir. Əlbəttə, məsuliyyət də böyükdür. Ancaq mən bunu təzyiq kimi yox, əlavə stimul kimi qəbul edirəm. Arenada minlərlə insanın dəstəyini hiss etmək hər bir döyüşçü üçün xüsusi hissdir. Bütün azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasına möhtəşəm UFC gecəsinin canlı şahidi olmağa, həmyerlilərimizi dəstəkləməyə dəvət edirəm". Xatırladaq ki, "UFC Fight Night" çərçivəsində Fiziyev-Torres gecəsi iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər. Fərman Həsənovun rəqibi amerikalı Erik Nolan olacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az