İdman
Əlcəzair Messi ilə bağlı FIFA-ya şikayət ünvanlayıb
Əlcəzair Futbol Federasiyası 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair və Argentina yığmaları arasında keçirilən oyunda polşalı hakim Şimon Marçinyakın qərarlarından narazı qalaraq FIFA-ya şikayət ünvanlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. İyunun 17-də keçirilən qarşılaşma Argentinanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Lionel Messi het-trikə imza atıb. Məlumata görə, Əlcəzair tərəfi baş hakimin bir sıra qərarlarını mübahisəli hesab edir. Federasiyanın fikrincə, Marçinyak oyunun 32-ci dəqiqəsində qayda pozuntusuna görə Messini meydandan kənarlaşdırmalı idi. Bundan başqa, əlcəzairlilər argentinalı yarımmüdafiəçi Aleksis Mal Allisterin 74-cü dəqiqədə rəqib futbolçunun üzünə dirsəklə zərbə vurduğunu və buna görə cəzalandırılmalı olduğunu da bildiriblər.
Mənbə
oxu.az