ABŞ-la İran sülh sazişini razılaşdırdı - Təcili
İntensiv danışıqlardan sonra ABŞ-la İran İslam Respublikası arasında Sülh Sazişinin əldə edildiyini məmnuniyyətlə elan edirik. Hər iki tərəf Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını bəyan edib.
Axar.az xəbər verir ki, bu sözləri Pakistan Baş naziri Şahbaz Şərif bildirib.
O qeyd edib ki, rəsmi imzalanma mərasimi 19 iyunda İsveçrədə baş tutacaq:
“Münaqişənin diplomatik yolla həllini tapmaq öhdəliklərinə görə Amerika Birləşmiş Ştatlarına və İran İslam Respublikasına təşəkkür etmək istərdik. Həmçinin qardaşlarımıza, Qətər dövlətinin rəhbərliyinə bu razılaşmanın əldə edilməsində göstərdikləri dəstəyə görə səmimi minnətdarlığımızı bildirmək istərdik. O cümlədən böyük töhfələrinə görə Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə Respublikasının uzaqgörən rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm.
Artıq razılaşma qüvvədə olduğundan, vasitəçilər bu həftə bir sıra görüşlər təşkil edəcəklər. Bu icradan əvvəlki müzakirələr texniki danışıqların və rəsmi imzalanma mərasiminin təməlini qoyacaq”.
Qeyd edək ki, ötən gün İsrailin Livana zərbələrindən sonra İranın ABŞ-la danışıqları dayandırdığı xəbəri yayılmışdı.