Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirildi
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Omuralıyev Macarıstanın Buqaç şəhərində keçirilən Böyük Hun-Türk Qurultayında iştirak edib.
Axar.az xəbər verir ki, Macarıstan Turan Fondu tərəfindən təşkil olunan üçgünlük tədbir 27-dən çox türk icmasının nümayəndələrini bir araya gətirib. Qurultayda TDT-nin bütün üzv və müşahidəçi dövlətlərindən iştirakçılar təmsil olunublar. Proqram çərçivəsində ənənəvi idman növləri, musiqi, sənətkarlıq və müxtəlif mədəni tədbirlər təqdim edilib. Bu il ilk dəfə olaraq yeni aşkar edilmiş arxeoloji tapıntılar və antropoloji üz rekonstruksiyaları nümayiş etdirilib.
TDT Baş katibinin tədbirdə iştirakı təşkilatın türk dünyasının ortaq mədəni və tarixi irsinin qorunmasına və təbliğinə sadiqliyini nümayiş etdirib. Bildirilib ki, belə tədbirlər üzv və müşahidəçi dövlətlər arasında mədəni əməkdaşlığın, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Qurultay türk xalqlarının ortaq irsinin tanıdılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.