Dünya
Rusiya Müdafiə Nazirliyinin polkovniki həbs olundu
Rusiya Müdafiə Nazirliyinin Resurs Təminatı Departamentinin Ərzaq İdarəsinin rəisi, polkovnik Viktor Tarazeviçə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb. Oxu.Az xəbər verir ki, bu barədə RBK-ya hüquq-mühafizə orqanlarındakı iki mənbə məlumat verib. Polkovnik mayın 20-də saxlanılıb, bundan sonra hərbi məhkəmə istintaqın vəsatəti ilə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Hərbi məhkəmədən RBK-ya Tarazeviçin cinayət işinin fiqurantı olduğu təsdiqlənib. Bildirilib ki, polkovnik iyulun 20-nə qədər həbsdə saxlanılacaq. RBK-nın mənbələrinin məlumatına görə, zabit ittiham olunduğu cinayətdə özünü təqsirli bilmir. Xüsusilə külli miqdarda dələduzluq maddəsi üzrə cəza on ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. Tarazeviçin rəhbərlik etdiyi Ərzaq İdarəsi Rusiya ordusunun hərbi qulluqçularının qidalanmasının təşkilinə cavabdehdir. Qurum qoşunların ərzaqla təminatını həyata keçirir, rasionları hazırlayır, ərzaq məhsullarının keyfiyyətinə nəzarət edir, həmçinin hərbi anbarların, bazaların və çörək zavodlarının fəaliyyətini idarə edir.
Mənbə
oxu.az