Dünya
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 25-ə çatıb. Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir. Qeyd olunur ki, son tapılan cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə lazımi prosedurlara başlanıb. İtkin düşmüş üç nəfərin axtarışı isə davam edir. Bildirək ki, ötən gün daha iki cəsəd aşkarlanmışdı. Ötən günlərdə axtarış əməliyyatları zamanı tapılan iki cəsədin şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər başa çatıb. DNT analizi nəticəsində cəsədlərin Mahmut Demir və Özgür Gönülə məxsus olduğunu müəyyən edilib. Xatırladaq ki, ŞKTR Girne limanı ilə Mersindəki Taşucu limanı arasında hərəkət edən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb. Bildirək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Həmçinin gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq hakim qarşısına çıxarılıblar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib. Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə
oxu.az