Dünya
Ermənistanda Paşinyana qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs həbs edildi
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən Mqer Mirzoyana qarşı qətimkan tədbiri olaraq həbs qərarı seçilib. Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib. Daha əvvəl qeyd olunurdu ki, ilkin istintaq zamanı genişmiqyaslı sübutlar və digər prosessual hərəkətlər, o cümlədən çoxsaylı axtarışlar və iyirmiyə yaxın dindirmə nəticəsində baş nazirə qarşı sui-qəsd hazırlayan şəxslərdən birinin şəxsiyyəti müəyyən edilib. Xüsusilə, 2024-cü ildən etibarən xarici ölkədə yaşayan Mirzoyanın azı dörd nəfərdən ibarət qrupun tərkibində Ermənistan baş nazirinin siyasi və dövlət fəaliyyəti ilə əlaqədar onun həyatına son qoymaq məqsədilə vasitələr əldə etdiyinə və şərait yaratdığına dair aşkar faktiki məlumatlar əldə olunub. Belə ki, şəxsiyyətlərini gizlətmək məqsədilə onlar xüsusi geyim və maskalar alıb, həmçinin baş nazirin olduğu yerlər və seçkiqabağı kampaniyasının marşrutları barədə məlumatlar toplayaraq qətli hazırlayıblar. Bundan sonra, sözügedən geyim və maskalarda baş nazirə ünvanlanmış videomüraciət yazaraq yayıblar və bu zaman hədə-qorxular səsləndiriblər. Bundan əlavə, mayın 16-da həmin şəxslər kompüter rabitə vasitələrindən istifadə etməklə canlı yayım zamanı ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan internet saytının sistemində saxlanılan məlumatları (videoyazını) ələ keçiriblər. Onlar bu videomüraciəti dərc edərək seçkiqabağı təşviqata mane olublar. M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən şəxsin dövlət, siyasi fəaliyyəti ilə əlaqədar qətlinin hazırlanması, habelə bir qrup şəxs tərəfindən digər üsulla təşviqatın aparılmasına mane olma maddələri ilə cinayət təqibi başlanıb.
Mənbə
oxu.az