Dünya
Tramp İranın danışıqlardan imtinasından sonra atacağı addımları açıqladı
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla danışıqları dayandırmaq qərarı barədə İrandan hər hansı bir bildiriş almadığını bəyan edib və hələlik İran ərazisinə zərbələri bərpa etmək niyyətində olmadığını vurğulayıb. Oxu.Az xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına müsahibəsində bildirib. Trampın sözlərinə görə, yaranmış vəziyyət "bizim yenidən hər kəsi bombalamağa başlayacağımız mənasına gəlmir". Bununla belə, o qeyd edib ki, ABŞ hərbçiləri İranın dəniz blokadasını davam etdirəcəklər. Tramp, həmçinin bildirib ki, münaqişə tərəfləri hələlik danışıqlar prosesi barədə tez-tez şərh verməkdən çəkinməlidirlər. "Hesab edirəm ki, hamımız çox danışdıq. Yəqin ki, bir müddət susmaq yaxşı olar", - deyə o əlavə edib. Daha əvvəl İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən İran danışıqlar prosesi çərçivəsində ABŞ ilə mesaj mübadiləsini dayandırır. Məlumata görə, Tehran İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılmayana və zərbələr dayandırılmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək.
Mənbə
oxu.az