Dünya

Kolumbiyada prezident seçkisi: Qustavo Petro nəticələri tanımadı

01 Jun 2026, 19:12 1 baxış
Kolumbiyada prezident seçkisi: Qustavo Petro nəticələri tanımadı
Kolumbiya Prezidenti Qustavo Petro dövlət başçısı postuna seçkidə səslərin ilkin sayılması nəticələrini tanımadığını və seçki komissiyaları tərəfindən protokolların işlənməsinin başa çatdırılmasını gözləyəcəyini bəyan edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Qustavo Petro öz "X" hesabında yazıb. "Prezident olaraq, Bautista qardaşlarının özəl şirkətinin ilkin hesablama nəticələrini tanımıram, çünki səslərin sayılması və yoxlanması üzrə proqram təminatı alqoritmlərinin dəyişməz qalması tələbinə baxmayaraq, son həftə ərzində onlar üç dəfə dəyişdirilib və rəsmi seçki siyahısında adları olmayan 800 000 insanın identifikasiya nömrəsi əlavə edilib", - deyə o bildirib. Petronun sözlərinə görə, bu səs sayımı hüquqi cəhətdən məcburi hesab edilə bilməz. "Buna görə də qanuna uyğun olaraq, Prezident kimi qəbul edəcəyim və tanıyacağım hüquqi cəhətdən məcburi nəticələr hakimlərin rəhbərlik etdiyi sayma komissiyaları tərəfindən elan edilən nəticələrdir", - deyə o əlavə edib. Kolumbiyada prezident seçkisi mayın 31-də keçirilib. Vətəndaş Vəziyyəti Aktlarının Milli Reyestrinin saytında dərc olunmuş ilkin səs sayımına görə, ultrasağçı siyasətçi və iş adamı Abelardo de la Esprielya (43,74%) və hakim solçu "Tarixi pakt" partiyasının namizədi İvan Sepeda (40,90%) liderlər olublar. Bu nəticələrə uyğun olaraq, onlar iyunun 21-də keçiriləcək ikinci tura keçirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər