Dünya
KİV: ABŞ-də iki minə yaxın diplomat işdən çıxarılıb
ABŞ Prezidenti Donald Trampın administrasiyasının son birillik fəaliyyəti dövründə 2 000-ə yaxın yüksəkvəzifəli və sıravi amerikalı diplomat işdən azad edilib və ya təqaüdə çıxmağa məcbur olunub. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı xəbər yayıb. Bildirilir ki, telekanalın əlaqə saxladığı bir çox diplomat məsələ ilə bağlı açıq danışmaqdan imtina edib. Başına gələnləri ictimaiyyətə açıqlayanlardan biri isə təxminən 30 illik diplomatik təcrübəyə malik Kelli Adams-Smit olub. O, 2024-cü ildə ABŞ-nin Moldovadakı səfiri vəzifəsinə təsdiqlənsə də, Tramp administrasiyası 2025-ci ilin fevralında bu təyinatı ləğv edib. Məlumata görə, Dövlət Departamentində Adams-Smitə başqa heç bir uyğun vəzifə təklif edilməyib və o, istefa vermək məcburiyyətində qalıb. Bundan əlavə, onun diplomat olan həyat yoldaşı da xidməti tərk edib. Telekanal qeyd edir ki, Dövlət Departamenti işdən çıxarılan əməkdaşların dəqiq sayı barədə məlumat verməkdən boyun qaçırır. Bu kütləvi ixtisarlar və məcburi təqaüdə göndərilmələr səbəbindən hazırda ABŞ-də kəskin diplomat çatışmazlığı yaşanır. Vəziyyət o həddədir ki, hazırda Avropanın 33 ölkəsində ABŞ səfiri fəaliyyət göstərsə də, 17 vakant yer hələ də boşdur. Analoji böhran digər qitələrdə də müşahidə olunur; belə ki, Afrikada 41, Asiya və Okeaniyada 23, Şimali və Cənubi Amerikada isə 17 ölkədə ABŞ-nin səfiri yoxdur.
Mənbə
oxu.az