Dünya
Ərdoğan: "Bakı Enerji Həftəsi ölkələrimiz və regionumuz üçün faydalı olacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan paytaxtında keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın təbrikini Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar çatdırıb. Türkiyə lideri məktubunda bildirib ki, regiondakı vəziyyət Azərbaycanla enerji sahəsində atılan birgə addımların nə qədər doğru olduğunu bir daha nümayiş etdirir. Ərdoğan qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab edilən bir çox meqalayihələr Azərbaycanla bərabər uğurla həyata keçirilir və bu istiqamətdə birgə əməkdaşlıq davam edir. O, ölkəmizlə birgə başlanan və digər dost ölkə olan Gürcüstanın dəstəyi ilə tamamlanan "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum" və TANAP kimi layihələrə də toxunub. Türkiyə prezidenti Azərbaycanla əməkdaşlığın "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində daha da dərinləşdiyini vurğulayıb. Ərdoğan Türkiyə ilə Azərbaycan arasında "Şafak-Asiman" yatağı üzrə tərəfdaşlığın fasiləsiz davam etdiyinin də önə çəkib: "Keçən il istifadəyə verilən Iğdır-Naxçıvan boru kəməri Naxçıvanın enerji təchizatı təhlükəsizliyini dəstəkləyib və gücləndirib. Türkiyə ilə Azərbaycan arasında elektrik əlaqələri bizim üçün strateji əhəmiyyət kəsb etməyə davam edir. Ümid edirik ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında "Yaşıl Elektrik Ötürülməsi və Ticarəti" layihəsi bütün bölgəmizin enerji təhlükəsizliyinə töhfə verəcək". Ərdoğan diqqətə çatdırıb ki, ötən ilin avqustunda Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində başlayan Suriyaya qaz tədarükü həmin ölkənin inkişafına və regional təhlükəsizliyə dəstək verir: "Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı ilə bağlı əməkdaşlığımızı gücləndirmək üçün qarşımızda böyük imkanlar var. Qazaxıstanın təbii sərvətlərinin Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən getdikcə daha çox istifadənin şahidi oluruq". Qardaş ölkənin rəhbəri qeyd edib ki, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün aspektlərində səmərəlilik və ətraf mühitə hörmət prinsiplərini əsas götürür: "Bu ilin 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 Zirvə görüşü ilə qlobal iqlim fəaliyyətində aparıcı və nümunəvi ölkələrdən biri olmaq öhdəliyimizi artıracağıq. Bu düşüncələrlə ümid edirəm ki, Bakı Enerji Həftəsi ölkələrimiz və regionumuz üçün faydalı olacaq".
Mənbə
oxu.az