Dünya

Fransa hərbçiləri Rusiyadan gələn tankeri saxladılar: Makrondan paylaşım - VİDEO

01 Jun 2026, 14:16 2 baxış
Fransa hərbçiləri Rusiyadan gələn tankeri saxladılar: Makrondan paylaşım - VİDEO
Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalar altında olan və Rusiyadan gələn "Tagor" adlı tankeri saxlayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron öz "X" hesabında məlumat verib. "Bu əməliyyat Atlantik okeanında, Böyük Britaniya da daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə müvafiq qanunvericiliyə ciddi şəkildə riayət edilməklə həyata keçirilib", - deyə o yazıb. Makron tankerə helikopterdən eniş edən desantın kadrlarını da dinamik musiqinin müşayiəti altında yayımlayıb.
"VesselFinder"in məlumatına görə, bu adda tanker may ayının sonunda Norveçin qərb sahillərində idi və Murmanskdan Baltik dənizindəki naməlum limana istiqamət götürmüşdü. Fransanın Atlantik region üzrə Dənizçilik Prefekturasından bildirilib ki, tanker Fransanın şimal-qərbində, Bretaninin qərbindən 400 dəniz mili (təxminən 740 km) məsafədə saxlanılıb: "Yoxlama qrupu göyərtəyə qalxdıqdan sonra sənədlərin nəzərdən keçirilməsi bayraqdan istifadə pozuntuları ilə bağlı şübhələri təsdiqlədi. Dəniz məhkəməsi üzərində yurisdiksiyaya malik Brest prokurorluğuna ərizə təqdim edilib. Tanker hazırda Fransa Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən əlavə yoxlama üçün lövbərsalma dayanacağına qədər müşayiət olunur".
Mənbə oxu.az

Oxşar Xəbərlər