Dünya
ABŞ gizli şəkildə Hörmüz boğazından 70-ə yaxın gəmi keçirib
ABŞ hərbçiləri son üç həftə ərzində Hörmüz boğazından təxminən 70 ticarət gəmisini gizli şəkildə keçiriblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Times" nəşri ABŞ Mərkəzi Komandanlığının adı açıqlanmayan rəsmilərinə istinadən məlumat verib. Məqalə müəllifləri iddia edirlər ki, son üç həftədə ABŞ-lilərin köməyilə Hörmüz boğazından gündə təxminən üç gəmi keçib (münaqişədən əvvəl onların sayı 100-ü ötürdü). Eyni zamanda nəşr qeyd edir ki, ABŞ hərbçiləri bu gəmiləri birbaşa müşayiət etmirlər, sadəcə onların hərəkətlərinin koordinasiyasını həyata keçirirlər. "The New York Times"ın məlumatına görə, gəmilərin əksəriyyəti İran tərəfindən aşkarlanma riskini azaltmaq üçün transponderləri söndürülmüş halda hərəkət edib və Oman sahillərinə yaxın mövqe tutub. Maraqlıdır ki, nəşrin bildirdiyinə görə, gəmilərin əhəmiyyətli hissəsi əvvəlki kimi, İran sahilləri boyunca keçir. Məqalə müəlliflərinin fikrincə, bu ondan xəbər verə bilər ki, onların marşrutları Tehrandan koordinasiya olunur.
Mənbə
oxu.az