Dünya
"Fox News": İran Yaxın Şərq ölkələrini anti-ABŞ alyansında birləşdirməyə çalışır
İran Yaxın Şərq ölkələrini anti-ABŞ alyansında birləşdirməyə çalışır və Birləşmiş Ştatların lideri Donald Trampa qarşı genişmiqyaslı siyasi kampaniyaya başlayır. Oxu.Az xəbər verir ki, bu barədə adı açıqlanmayan analitikə istinadən "Fox News" məlumat yayıb. Bildirilib ki, bu fəallıq Trampın "İbrahim Sazişi"nin (Abraham Accords) genişləndirilməsini təklif etməsindən bir neçə saat sonra müşahidə olunub. Analitik iddia edib ki, Tehran özünü regionun "yeni şerifi" kimi təqdim etməyə çalışır və eyni zamanda Fars körfəzi ölkələrinə təzyiq göstərərək onlara ABŞ-nin təhlükəsizlik sistemi ilə "yeni İslam sivilizasiyası" konsepsiyası arasında seçim təklif edir. Daha əvvəl Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Misir, İordaniya və Bəhreyn liderləri ilə telefon danışıqları apararaq 2020-ci il "İbrahim Sazişi"nin mümkün genişləndirilməsini müzakirə edib. İranın ali lideri Müctəba Xamenei isə "yeni İslam sivilizasiyası"nın formalaşdırılmasına və müsəlman ölkələrini əməkdaşlığa çağırıb. Analitikin sözlərinə görə, Tehran ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşması prosesinə qarşı çıxır və özünün regional nizam modelini irəli sürməyə çalışır. Bununla yanaşı, ekspert vurğulayıb ki, Fars körfəzi ölkələri ehtiyatlı davranır, İranla məhdud əlaqə kanallarını qoruyub saxlayır və regionda davam edən gərginlik fonunda Vaşinqtonla Tehran arasında danışıqların inkişafını diqqətlə izləyirlər.
Mənbə
oxu.az