Dünya
Futbol antifutbola qarşı: Tarixi final
Daha əvvəl "Arsenal"ın da taktikası hesab edilən "Haramball" haqqında yazmışdım. Bu dəfə Çempionlar Liqasının finalı sözün əsl mənasında futbol ilə antifutbol arasında baş tutacaq. İllər əvvəl bir proqramda türkiyəli keçmiş futbolçu Arda Turanın Türkiyə və Avropa futbolu barədə analizləri zamanı bir neçə önəmli detalı vurğulamışdı. "Atletiko Madrid" təcrübəsi də olan mütəxəssis Pep Qvardiola və Dieqo Simeone arasındakı fərqi izah edərkən bildirmişdi ki, əgər əlində Kayl Volker varsa, oyunçuları birəbir epizodlarda saxlamaq imkanın yüksəkdir. Ancaq resursun məhduddursa, daha kollektiv müdafiə və standart vəziyyətlər üzərində işləmək məntiqlidir. Bəli, "Atletiko Madrid" bunu illərdir effektiv şəkildə tətbiq edir. Son dövrlərdə isə bu xəttə yaxınlaşan komandalar sırasında "Arsenal" da var. Kollektiv müdafiə, kompaktlıq və standart vəziyyətlərdən maksimum nəticə - məqsəd rəqibə rahat zona buraxmamaqdır. Bu yanaşma bəzən "haramball" və ya antifutbol kimi etiketlənir. Amma qarşı tərəfdə isə tam fərqli bir futbol var: Luis Enrikenin PSJ-si - fərdi keyfiyyətin struktur içində maksimum sərbəstlik tapdığı oyun. Komandaların oyun modellərinə ayrı-ayrılıqda baxaq. Mikel Artetanın formalaşdırdığı 3+1 strukturu bu komandanın əsas bazasıdır. Meydanda form dəyişsə də, ümumi "almaz" və ya "paxlava" struktur sabit qalır. Oyunun gedişində Deklan Rays bəzən müdafiə xəttinə yaxınlaşıb quruluşu 3-lüyə çevirir, onun önündə isə Luis-Skelli balans nöqtəsi kimi dayanır. Digər epizodlarda Rays geriyə enərək oyunun ilk pas nöqtəsinə çevrilir. 3-1-6 hücum modelində cinah müdafiəçiləri irəli çıxır, Saka və Trossard genişlik yaradır, daxili koridorlar isə (half-space) hücumun əsas giriş zolaqlarına çevrilir. "Arsenal"ın əsas məqsədi rəqibin müdafiə xəttini "rezin kimi" uzatmaqdır. Bu uzanma müdafiəçilər arasında boşluqlar yaradır və həmin zonalara ikinci dalğa oyunçuları daxil olur. Rays burada təkcə fiziki oyunçu deyil, həm də struktur lideridir. O, həm mövqe yönləndirir, həm də hücumun mərkəzində diqqəti üzərinə çəkərək digər zonaları açır. Keçək digər finalçıya - PSJ-yə. Luis Enrikenin futbolunda əsas sual budur: driblinq necə yaranır? Cavab texnika deyil. Cavab sahədir. Çünki ən yaxşı driblinq belə sıxlıq içində yox olur. Ona görə ilk mərhələ həmişə məkan yaratmaqdır. Məkan artdıqca müdafiəçilər arasındakı məsafə böyüyür, qərarvermə gecikir və təkbətək situasiyalar yaranır. "Spacing & Isolation" prinsipi də buradan doğur. Komanda genişlənir, mərkəz isə təcrid olunur. Kvara və Hakimi cinahlarda genişlik yaradır, Neveş və Dalot müdafiə xəttini yerindən oynadır, Dembele isə diqqəti özünə çəkərək strukturda boşluq yaradır. Vitinya bu boşluğu görüb oyunu irəli daşıyır. Hakimi artıq təkbətək qalır. Sonrakı mərhələ sadədir: daxilolma, son pas və bitirici hərəkət. Futbol burada artıq fərdi epizodlar oyunu deyil, məkan idarəetmə oyunudur. PSJ bunu hücumda maksimum səviyyədə tətbiq edir - sahəni genişləndirir, müdafiəni parçalayır və boşluğu bir anlıq qərara çevirir. Amma bu nöqtədə oyunun daha dərin bir tərəfi ortaya çıxır. Luis Enrike ulduzu oyundan çıxarır. O da etiraz etmir, hətta komanda yoldaşlarını motivasiya etməyə davam edir. Bu, müasir futbolda çoxlarının anormal hesab etdiyi bir reaksiyadır. Əslində isə bu davranış təkcə futbola aid deyil. Hər sistem eyni məntiqlə işləyir: məktəb, ordu, fabrik, futbol komandası - hamısı proqnozlaşdırıla bilən davranış tələb edən strukturlardır. Sistemin içində ideal element emosional yox, funksional olmalıdır. Çünki sistem fərdi emosiyanı yox, kollektiv nəticəni ölçür. Bu səbəbdən sistemlər uyğunlaşanı saxlayır, sabiti üstün tutur. Uyğunlaşmayan, amma yaradıcı olan element isə çox vaxt sistem üçün riskə çevrilir. Bu mexanizmi istər klassik strateji düşüncədə, istər elmi idarəetmə modellərində, istərsə də müasir iş sistemlərində eyni formada görmək mümkündür. Futbola qayıdaq. "Arsenal" sistemi ilə oyunu daraldır, PSJ sistemi ilə oyunu genişləndirir. Biri boşluğu bağlayır, digəri boşluğu yaradır. Biri nəzarət edir, digəri risk alır. Finalın mahiyyəti sadəcə kubok deyil - iki fərqli futbol düşüncəsinin toqquşmasıdır.
Mənbə
oxu.az