Dünya
Zelenskidən Trampa təcili məktub: Hava hücumundan müdafiə kritik həddədir
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa hava hücumundan müdafiə vasitələrinin kritik çatışmazlığı ilə bağlı məktub göndərib. Oxu.Az-ın "The Kyiv Independent"a istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə açıqlamasında bunu təsdiqləyib. Onun sözlərinə görə, məktub iki ünvana - Donald Trampa və ABŞ Konqresinə göndərilib. Zelenskinin müraciəti Rusiyanın Ukraynaya qarşı kütləvi hücumları artırması və Kremlin Kiyevə yeni zərbələrlə bağlı açıq təhdidləri fonunda ortaya çıxıb. "Məsələ raketlərdən müdafiə olan zaman biz dostlarımıza güvənirik. Ballistik raketlərdən qorunma məsələsində isə demək olar ki, tamamilə ABŞ-yə arxalanırıq", - məktubda qeyd olunub. Ukrayna lideri vurğulayıb ki, PURL proqramı çərçivəsində mövcud tədarük tempi artıq ölkənin üzləşdiyi təhlükənin səviyyəsinə uyğun gəlmir. O, Ukraynanın hava məkanının Rusiya raketlərindən qorunması üçün yardım istəyib. "Mən Ukrayna xalqı adından ABŞ prezidentindən və Konqresindən bu prosesdə iştirakını davam etdirməyi xahiş edirəm. Rusiyanın ballistik raketlərini və digər raket hücumlarını dayandırmaq üçün "Patriot PAC-3" raketləri və əlavə sistemlər daxil olmaqla həyati vacib müdafiə vasitələrinin təmin olunmasına kömək edin", - deyə Zelenski yazıb.
Mənbə
oxu.az