Dünya
"Mango" şirkətinin qurucusunun oğlu vəzifəsini müvəqqəti tərk etdi
"Mango" brendinin qurucusunun oğlu Conatan Andik çərşənbə axşamı dərc etdiyi açıq məktubunda şirkətin vitse-prezidenti vəzifəsindən müvəqqəti getdiyini elan edib. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın "Efe" informasiya agentliyi xəbər yayıb. C.Andik məhkəmə prosesi çərçivəsində diqqətini öz müdafiəsinə yönəldəcəyini, lakin ailə, biznes və sosial layihələrdə iştirakını davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, atasının ehtimal edilən qətli ilə bağlı cinayət işində müdafiəsinə köklənmək zərurəti ona şirkətdəki vəzifələrini tam şəkildə yerinə yetirməyə imkan vermir. Qeyd edilib ki, Andik ötən həftə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və daha sonra bir milyon avro girov müqabilində sərbəst buraxılıb. O, 2024-cü ilin dekabrında Kolyato (Barselona) bölgəsində dağ yürüşü zamanı 100 metrdən çox hündürlükdən yıxılaraq həlak olan atası - "Mango" imperiyasının əsasını qoyan İshak Andikin ölümündə əli olmaqda şübhəli bilinir. Məktubunda o, özünə qarşı irəli sürülən ittihamları "ədalətsiz və əsassız" adlandırıb, günahsızlığını mütləq sübut edəcəyinə ümid etdiyini vurğulayıb. O, həmçinin ailədə bəzi çətin dövrlərin yaşanmasına baxmayaraq, atası ilə hər zaman səmimi münasibətlər qurduğunu qeyd edib. Andik əlavə edib ki, vəzifəsini müvəqqəti tərk etmək qərarı onun üçün olduqca ağır olub, lakin həm şəxsən özü, həm də şirkətin reputasiyası üçün bu addım zəruridir. O, istintaq zamanı həqiqətin tezliklə üzə çıxacağına əminliyini ifadə edib.
Mənbə
oxu.az