Dünya
Ermənistanı qaz böhranı gözləyir? - Rusiyadan kritik xəbərdarlıq
Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirəcəyi halda qaz, neft məhsulları və xam almazların rüsumsuz tədarükü ilə bağlı sazişi birtərəfli qaydada dayandıra və ya ləğv edə biləcəyini bildirib. Oxu.Az-ın "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya energetika naziri Sergey Tsivilevin Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi məktubda qeyd olunub. Moskva hesab edir ki, Ermənistanın Avropa İttifaqına doğru yaxınlaşması iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının əsaslarını təhlükə altına qoyur. 2013-cü ildə imzalanmış mövcud saziş Rusiyanın Ermənistana qaz, yanacaq və almazları ixrac rüsumu olmadan, güzəştli şərtlərlə tədarük etməsini nəzərdə tutur. Hazırda bu tədarüklər Ermənistan iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyır. Ölkə demək olar ki, tamamilə Rusiya qazından asılıdır və yanacaq ehtiyacının böyük hissəsini də Rusiyadan təmin edir. Analitiklər bildirirlər ki, bu rejim ləğv olunarsa, Ermənistan alternativ mənbələrə qısa müddətdə keçə bilməyəcək və nəticədə qazla yanacağın qiymətlərində ciddi artım baş verə bilər.
Mənbə
oxu.az