Dünya
Oman sahillərində tanker atəşə tutuldu
Böyük Britaniya Krallıq Donanmasının (HDQ) Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində tankerin atəşə tutulduğunu və yanacağın bir hissəsinin dənizə axdığını açıqlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib. Məlumata görə, insident Maskat şəhərindən 60 dəniz mili (təxminən 111 kilometr) şərqdə qeydə alınıb. Tankerin kapitanı gəminin sol bortunun arxa hissəsində, su xəttinə yaxın ərazidə xarici partlayış baş verdiyini bildirib. UKMTO qeyd edib ki, ekipaj və gəmi təhlükəsiz vəziyyətdədir. Bununla belə, kapitanın sözlərinə görə, bunker yanacağının bir hissəsi dənizə sızıb. Hadisə ilə bağlı araşdırma başlanılıb. Britaniya Hərbi Dəniz Qüvvələri bölgədən keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyəti UKMTO-ya bildirməyi tövsiyə edib. Qurumun daha əvvəl yaydığı statistikaya əsasən, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.
Mənbə
oxu.az