Dünya
Silah çatışmazlığı ABŞ-ni hərəkətləndirdi - Volframı niyə axtarırlar?
ABŞ Çinin dominantlığı və ABŞ-nin 10 ildən uzun müddətdə öz mədənlərini inkişaf etdirməməsi fonunda silah istehsalı üçün təcili şəkildə volfram axtarışındadır. Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC News" telekanalı məlumat verib. "ABŞ yüksək texnologiyalı silah və sursat ehtiyatlarını sürətlə tükəndirib. Onların yerinin doldurulması üçün istehsalı və emalında Çinin dominantlıq etdiyi ultradavamlı metal olan volfram tələb olunacaq ki, bu da ABŞ-ni onu çarəsiz şəkildə başqa yerdə axtarmağa məcbur edir", - deyə nəşr bildirir. Qeyd olunur ki, ABŞ-də fəaliyyətdə olan kommersiya məqsədli volfram mədənləri yoxdur. Eyni zamanda ABŞ hökuməti Cənubi Koreyadakı köhnə mədənlərdən volfram hasilatını bərpa etməklə hərbi-sənaye kompleksinin Pekindən asılılığını azaltmaq niyyətindədir. Tədarükləri əvəz etmək üçün "lmonty Industries" şirkəti Çindən ucuz idxal səbəbindən 30 ildən çoxdur tərk olunmuş "Sanqdonq" mədənini yenidən qurur. Bu obyekt dünyada ən böyük volfram mənbələrindən birinə çevrilə bilər. Telekanalın məlumatına görə, volfram ABŞ ordusu üçün əvəzolunmazdır, çünki o, qırıcı təyyarələrdə, betondeşici bombalarda, zirehdeşici mərmilərdə və "Tomahawk" və "Patriot" kompleksləri də daxil olmaqla raket sistemlərində istifadə edilir.
Mənbə
oxu.az