Dünya

Çinli alimlərdən unikal kəşf: Bir damla qanla xərçəngi aşkarlayan cihaz düzəldildi

26 May 2026, 03:30 2 baxış
Çinli alimlərdən unikal kəşf: Bir damla qanla xərçəngi aşkarlayan cihaz düzəldildi
Çinli alimlər ənənəvi metodlardan qat-qat yüksək dəqiqliklə, cəmi bir damla qanda xərçəng biomarkerlərini təyin edə bilən portativ cihaz ixtira ediblər. Oxu.Az xəbər verir ki, bu elmi işin nəticələri nüfuzlu "Nature Photonics" jurnalında dərc olunub. Qan nümunələrində xərçəng biomarkerlərini axtarmaq üçün istifadə olunan müasir sistemlər adətən irihəcmli laboratoriya avadanlıqları - böyük məişət soyuducusu ölçüsündə mürəkkəb optik sistemlər, prizmalar və spektrometrlər tələb edir. Çinli alimlər isə bu cür mürəkkəb sistemi ovuc içinə sığacaq qədər yığcam bir cihaza qədər kiçiltməyə nail olublar. Yeni texnologiyanın əsasını işığın dalğa uzunluğunu deyil, qan nümunəsindən keçərkən işıq intensivliyinin dəyişməsini analiz edən nanofotonik sensor metodu təşkil edir. Bunun üçün mütəxəssislər işığı qeyri-adi şəkildə idarə etməyə imkan verən süni strukturlardan - metamateriallardan ibarət xüsusi üçölçülü çip hazırlayıblar. İxtiraçılar eyni zamanda bu tip texnologiyaların ən başlıca problemlərindən birini - istehsalatın yüksək maliyyə xərclərini də həll ediblər. Hər bir çipin tək-tək və yavaş sürətlə hazırlanması əvəzinə, alimlər mikrosxemlərin kütləvi çapı sistemini yaradıblar. Nəticədə bir sensorun qiymətini təxminən beş dollara qədər ucuzlaşdırmaq mümkün olub. Cihaz cəmi üç əsas hissədən ibarətdir: fotodetektor, işıqdiodlu (LED) işıq mənbəyi və optik sensor. Bu sadəlik sayəsində həmin sistemi təkcə laboratoriya şəraitində deyil, həm də gələcəkdə ev şəraitində istifadə etmək potensialı yaranır. Texnologiyanın işləkliyini yoxlamaq məqsədilə alimlər cihazı ağciyər xərçənginin inkişafı ilə əlaqəli olan mikroskopik hissəciklərin - kiçik hüceyrəxarici vezikulların aşkarlanması üzərində sınaqdan keçiriblər. Qanda konsentrasiyası son dərəcə aşağı olduğundan, bu biomarkerləri xəstəliyin ilkin mərhələlərində tapmaq xüsusilə çətindir. Xəstələrdən götürülmüş 171 qan nümunəsi üzərində aparılan sınaqlar zamanı cihaz ağciyər xərçənginin erkən aşkarlanmasında 94.9%-ə qədər dəqiqlik nümayiş etdirib. Müqayisə üçün qeyd edək ki, standart immunoferment analizinin (ELİSA) dəqiqliyi təxminən 74.7% təşkil edir. Müəlliflərin məlumatına görə, bu yeni sistem ənənəvi üsullarla müqayisədə təqribən 10 min dəfə daha həssasdır. Tədqiqatçılar hesab edirlər ki, yaradılmış texnologiya yalnız xərçəng xəstəliyinin diaqnostikasında deyil, həm də minimal qan həcmində biomarkerlərin sürətli təyini tələb olunan digər tibbi müayinə növlərində də geniş tətbiq oluna bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər