Dünya
Ağ Ev amerikalı alimlərin ÜST ilə əlaqələrini məhdudlaşdırdı
ABŞ Prezidenti Donald Tramp administrasiyası ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun əməkdaşlarının Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birbaşa əlaqələrinə məhdudiyyət tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə CNN sənədlərə və mənbələrə istinadən məlumat yayıb. Qadağa hantavirusun yayılması dövründə qüvvəyə minib. Vaxtilə Entoni Fauçinin rəhbərlik etdiyi həmin qurum COVID-19 pandemiyası zamanı xəstəliyin müalicəsi və profilaktikası ilə məşğul olub. CNN bildirir ki, ötən həftə Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması səbəbindən məhdudiyyətlər qismən yumşaldılıb. Bundan sonra institutun bəzi əməkdaşlarına ÜST-nin virtual iclaslarında iştirak etməyə icazə verilib. Bununla belə, iştirak yalnız kiçik qruplar daxilində və dinləyici statusunda mümkündür. Beynəlxalq təşkilatla əlaqələrin nəticələrinə dair bütün sonrakı addımlar isə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi vasitəsilə həyata keçiriləcək. CNN-in məlumatına görə, məhdudiyyətlər səhiyyə mütəxəssisləri arasında narahatlıq yaradıb. Çünki məlumat mübadiləsi və beynəlxalq təşkilatlarla koordinasiya təhlükəli infeksiyaların yayılmasına qarşı mübarizənin əsas elementlərindən hesab olunur.
Mənbə
oxu.az