Dünya
Şotlandiyada siyasi qalmaqal: Keçmiş baş nazirin əri milyonluq mənimsəməni etiraf etdi
Şotlandiya Milliyyətçi Partiyasının (ŞMP) sabiq icraçı direktoru Piter Mürrell partiya büdcəsindən 400 310.65 funt sterlinqi mənimsədiyini etiraf edib. Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Ölkənin keçmiş baş naziri Nikola Stercenin sabiq həyat yoldaşı olan Mürrell Edinburq Ali Məhkəməsində günahını etiraf edib. İstintaqın məlumatına görə, o, 2010-cu ilin avqustundan 2022-ci ilin oktyabrınadək olan dövrdə partiya vəsaitlərini lüks əşyalar, avtomobil qoşqusu və iki avtomobil almaq üçün istifadə edib. Polis bildirib ki, 61 yaşlı Mürrell bu vəsaiti "imkanının çatmadığı dəbdəbəli həyat tərzini maliyyələşdirmək" məqsədilə mənimsəyib. "Bu gün keçmiş həyat yoldaşımın etiraf etdiyi günaha reaksiyamı sözlə ifadə etmək çətindir. Onun hərəkətlərinin ailəyə, dostlara və ŞMP-yə təsiri məni qəzəbləndirir, incidib və çox kədərləndirib", - Nikola Stercen "Instagram" hekayəsində yazıb. "Sevdiyim və güvəndiyim kişinin məni aldatması və məyus etməsi mənə ağır ağrı yaşatdı. Onun niyə belə etdiyini anlamıram və yəqin ki, heç vaxt anlamayacağam", - deyə o əlavə edib. Mürrell ilk dəfə 2023-cü ilin aprelində saxlanılıb. Ona qarşı ilkin olaraq 459 046,49 funt sterlinqin mənimsənilməsi ittihamı irəli sürülsə də, sonradan dəyişdirilmiş ittiham aktı üzrə özünü təqsirli bilib. Məhkəmə işi üzrə faktların tam təqdimatı iyunun 2-də keçiriləcək növbəti iclasda dinləniləcək. Hökm isə iyunun 23-də açıqlanacaq. 20 ildən çox ŞMP-nin icraçı direktoru olmuş Mürrell 2023-cü ilin martında partiya üzvlərinin sayı ətrafında yaranmış qalmaqaldan sonra istefa verib.
Mənbə
oxu.az