Dünya
Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu
"Satoşi dövrü"nün ilk "Bitcoin" maynerlərindən biri özünə məxsus kriptovalyutanın 203 milyon dollar dəyərindəki hissəsini iki böyük kriptobrokerə köçürüb. Analitiklər həmin pul kisəsinin sahibini "Bitcoin"in sirli yaradıcısı Satoşi Nakamotonun hələ aktiv olduğu erkən dövrə aid edirlər. Oxu.Az xəbər verir ki, bu barədə "Onchain Lens" platforması "Arkham" analitik şirkətinə istinadən məlumat yayıb. Məlumata görə, "kriptobalina" (böyük həcmdə kriptovalyuta sahibi) 2 650 BTC-ni üç tranzaksiya vasitəsilə "FalconX" və "Cumberland" platformalarına köçürüb. Bu köçürmənin birbaşa satış məqsədilə edilib-edilmədiyi hələlik dəqiq məlum deyil, lakin belə aktivliklər çox vaxt irihəcmli sövdələşmələrdən əvvəl müşahidə olunur. Analitiklərin hesablamalarına əsasən, ən qədim "Bitcoin" sahiblərindən birinin pul kisəsində hələ də təxminən 462 milyon dollar dəyərində 6 000 BTC qalmaqdadır. Kriptovalyuta tarixində "Satoşi dövrü" adlandırılan mərhələ 2009-cu ildə "Bitcoin" şəbəkəsinin istifadəyə verilməsi ilə başlayıb və 2011-ci ildə Satoşi Nakamotonun qəfildən yoxa çıxması ilə başa çatıb. Həmin illərdə "Bitkoin"lər sadə ev kompüterlərində hasil edilir, şəbəkədə təsdiqlənən hər blok üçün maynerlərə 50 BTC mükafat verilirdi və bu rəqəmsal aktivin demək olar ki, heç bir maddi dəyəri yox idi. O dövrün tanınmış maynerlərindən olan Laslo Haneç 2010-cu ildə tarixdə ilk dəfə "Bitcoin"lə real alış-veriş edərək iki pizza üçün 10 min BTC ödəyib. Həmin vaxt bu alış təxminən 40 dollar dəyərində qiymətləndirilmişdi, yəni 1 BTC-nin məzənnəsi cəmi 0.4 sent idi. Bugünkü məzənnə ilə isə həmin "Bitkoin"lərin ümumi dəyəri təxminən 770 milyon dollar təşkil edir. Laslo Haneçdən fərqli olaraq, öz rəqəmsal aktivlərini təxminən 15 il ərzində toxunulmaz saxlayan bu "Satoşi dövrü balinası" əlindəki 2 650 BTC-ni satmaq qərarına gəlibsə, inanılmaz məbləğdə xalis mənfəət əldə edəcək.
Mənbə
oxu.az