Siyasət
Metyu Bolduin: "Mənzil probleminin həll olunmaması cəmiyyətdə narazılığı artırır"
"Avropada mənzil böhranı artıq sosial sabitlik və demokratik institutlar üçün ciddi təhdidə çevrilib". Oxu.Az xəbər verir ki, bunu Avropa Komissiyası nəzdində Mənzil üzrə İşçi Qrupunun rəhbəri Metyu Bolduin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan sessiyada deyib. O bildirib ki, xüsusilə gənclər, həssas sosial qruplar və evsiz insanlar üçün mənzil məsələsi ən vacib problemlərdən biridir: "Avropada getdikcə daha çox insan əlçatan qiymətə mənzil tapmaqda çətinlik çəkir və mənzil bazarı insanların real ehtiyaclarına cavab vermir. Bunun bazar, yoxsa siyasət uğursuzluğu olması barədə mübahisə aparmaq olar. Amma əsas məsələ odur ki, problem mövcuddur və təcili həll tələb edir". O qeyd edib ki, mənzil probleminin həll olunmaması cəmiyyətdə narazılığı artırır, sosial həmrəyliyi zəiflədir və demokratiya üçün risk yaradır. Metyu Bolduin əlavə edib ki, Avropa İttifaqına daxil olan 27 ölkənin hər birinin fərqli mənzil siyasəti olsa da, ortaq məqsəd əlçatan mənzili siyasi prioritetə çevirməkdir: "Avropa Komissiyası yaxın vaxtlarda şəhərlərə qısamüddətli kirayə və yaşayış sahələrinin qeyri-yaşayış məqsədilə istifadəsinə qarşı daha geniş hüquqi imkanlar verəcək Əlçatan Mənzil Aktını təqdim etməyi planlaşdırır. Bundan başqa, yeni tikinti, yenidənqurma və istifadəsiz mənzillərin bazara qaytarılması prosesini sürətləndirmək məqsədilə qanunvericiliyin sadələşdirilməsi üzərində iş aparılır". Metyu Bolduinin sözlərinə görə, əsas prioritetlərdən biri də mənzil sektoruna əlavə maliyyə resurslarının cəlb olunmasıdır.
Mənbə
oxu.az