Siyasət

Türk dünyası yan-yana, Şuşadan Türküstana

14 May 2026, 14:02 5 baxış
Türk dünyası yan-yana, Şuşadan Türküstana
Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə artan siyasi çəkisi göstərir ki, türk dünyası artıq yalnız ortaq tarix və mədəniyyət platforması deyil, həm də formalaşmaqda olan yeni geosiyasi və geoiqtisadi güc mərkəzidir. Xüsusilə qeyri-rəsmi sammitlər türk dövlətləri arasında siyasi etimadın dərinləşdirilməsi, strateji koordinasiyanın gücləndirilməsi və çevik qərarvermə mexanizmlərinin formalaşdırılması baxımından mühüm platformaya çevrilib. Bu prosesdə isə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Bakı artıq yalnız iştirakçı deyil, türk inteqrasiyasının əsas ideoloji və institusional təşəbbüskarlarından biri kimi çıxış edir. Şuşa sammiti: yeni mərhələnin başlanğıcı Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi sammitinin 2024-cü ilin iyulunda məhz Şuşada keçirilməsi də təsadüfi deyildi. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu görüş türk dünyasının siyasi həmrəyliyinin yeni mərhələsini simvolizə edirdi. Sammitin yekununda qəbul olunan Şuşa Bəyannaməsi də türk dövlətlərinin ortaq strateji baxışını nümayiş etdirmiş oldu. Şuşanın seçilməsi isə həm siyasi, həm də simvolik baxımdan mühüm mesaj idi. Bu, yalnız Azərbaycanın ərazi bütövlüyünə dəstək deyil, həm də postmünaqişə dövründə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığın türk dövlətləri tərəfindən qəbulunun nümayişi idi. Şuşa sammiti göstərdi ki, TDT artıq formal diplomatik platformadan daha geniş məna daşıyır. Təşkilat regional təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat marşrutları və texnoloji inkişaf kimi strateji məsələlər üzrə ortaq mövqe formalaşdırmağa başlayıb.
Süni intellekt türk əməkdaşlığının yeni istiqaməti kimi Qlobal rəqabətin əsas elementlərindən biri texnoloji üstünlükdür və türk dövlətləri bu reallığı nəzərə almağa başlayır. Məhz buna görə qeyri-rəsmi sammitin əsas mövzularından birinin süni intellekt və rəqəmsal transformasiya olması strateji seçim hesab edilir. Azərbaycan bu sahədə regionun aparıcı mərkəzlərindən birinə çevrilmək niyyətini açıq şəkildə ortaya qoyub. Hazırda ölkədə "AI 2025-28" strategiyası həyata keçirilir. Strategiya süni intellektin hüquqi tənzimlənməsi, insan kapitalının hazırlanması, məlumat infrastrukturunun inkişafı, elmi tədqiqatların təşviqi və beynəlxalq əməkdaşlıq kimi əsas istiqamətləri əhatə edir. Bakıda fəaliyyətə başlayan Süni İntellekt Akademiyası isə Azərbaycanın texnoloji transformasiya modelinin mühüm elementinə çevrilir. Bu təşəbbüs yalnız milli ehtiyaclara xidmət etmir. Paralel olaraq TDT məkanında vahid ümumtürk Süni İntellekt İnstitutunun yaradılması ideyası irəli sürülür. Belə bir institut gələcəkdə ortaq texnoloji ekosistemin formalaşmasına, birgə təhsil proqramlarına və rəqəmsal inteqrasiyanın sürətlənməsinə ciddi töhfə verə bilər. Əslində, türk inteqrasiyasının gələcəyi artıq təkcə enerji və nəqliyyat layihələri ilə müəyyən olunmur. Yeni mərhələdə rəqəmsal suverenlik, məlumat təhlükəsizliyi və texnoloji əməkdaşlıq əsas prioritetlərdən birinə çevrilir. Bu istiqamətdə sabah - mayın 15-də TDT-nin Dövlət Başçıları Şurasının "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunan qeyri-rəsmi zirvə görüşünü xatırlatmaq yerinə düşər. TDT-yə üzv dövlətlərin və müşahidəçilərin dövlət və hökumət başçılarını bir araya gətirəcək tədbir sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq. Qeyri-rəsmi zirvə süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyaların transformasiyaedici potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində türk dövlətləri arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2026: türk dünyasının simvolik ili 2026-cı il türk dünyası üçün yalnız siyasi deyil, həm də dərin tarixi və ideoloji məna daşıyan dövr olacaq. Bu il həm Türküstanda keçiriləcək tədbirlər, həm də Türkiyədə baş tutacaq TDT Dövlət Başçıları Şurasının sammiti ilə yadda qalacaq. Lakin əsas hadisələrdən biri Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması olacaq. 1926-cı ildə Bakıda keçirilən həmin qurultay XX əsrdə türk dünyasının ən mühüm intellektual hadisələrindən biri hesab olunur. Bu baxımdan, Bakı yalnız siyasi mərkəz deyil, həm də müasir türk düşüncəsinin formalaşdığı əsas platformalardan biri kimi tarixə düşüb. Bakı və Türküstan: ortaq yaddaşın iki sütunu Türk dünyasını birləşdirən əsas faktor yalnız siyasi maraqlar deyil. Bu inteqrasiyanın əsasını ortaq tarixi yaddaş, dil, mədəniyyət və sivilizasiya identikliyi təşkil edir. Türküstan türk-islam sivilizasiyasının mənəvi mərkəzlərindən biri hesab olunur. Xoca Əhməd Yəsəvinin irsi türk dünyasının ortaq mənəvi kodlarından biri kimi qəbul edilir. Bakı isə maarifçilik, modernləşmə və intellektual islahatların əsas mərkəzlərindən biri olub. XX əsrin əvvəllərində Azərbaycan türk dünyasında yeni siyasi düşüncənin, dünyəvi təhsil modelinin və mədəni modernizmin aparıcı platformasına çevrilmişdi. Bu gün isə Bakı-Türküstan xətti yalnız simvolik anlayış deyil, həm də türk dünyasının ortaq ideoloji və strateji gələcəyinin konturlarını müəyyənləşdirir. Ortaq türk əlifbası: inteqrasiyanın humanitar sütunu Türk əməkdaşlığının mühüm istiqamətlərindən biri də ortaq əlifba təşəbbüsüdür. Qloballaşma və informasiya dövründə ortaq əlifba yalnız texniki məsələ deyil, həm də ortaq kommunikasiya və mədəni inteqrasiya vasitəsidir. Azərbaycan bu sahədə xüsusi təcrübəyə malikdir. Postsovet məkanında latın qrafikasına tam keçidi həyata keçirən ilk türk ölkələrindən biri olaraq Azərbaycan mühüm model rolunu oynayıb. 2024-cü ilin sentyabrında Bakıda keçirilən Ortaq Türk Əlifbası Komissiyasının iclasında 34 hərfdən ibarət ortaq latın qrafikalı əlifba layihəsinin razılaşdırılması türk inteqrasiyası baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bu layihə gələcəkdə təhsil, media, elmi əməkdaşlıq və rəqəmsal kommunikasiya sahələrində inteqrasiyanı sürətləndirə bilər. Qeyd etmək yerinə düşər ki, artıq Türkiyə Milli Təhsil Nazirliyi milli şüuru gücləndirmək məqsədi ilə dərsiklərdə bəzi anlayışların dəyişdirildiyini açıqlayıb. Bunlardan biri də məhz Türküstan adı ilə bağlıdır. Belə ki, bundan sonra dərsliklərdə Orta (Mərkəzi) Asiya əvəzinə Türküstan yazılacaq.
Orta Dəhliz - türk dünyasının əməkdaşlığının geoiqtisadi dayağı Türk Dövlətləri Təşkilatının artan təsiri yalnız siyasi və humanitar sahələrlə məhdudlaşmır, mühüm logistik və iqtisadi aktora çevrilir. Bu prosesdə isə Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Türkiyə-Avropa xəttini birləşdirən bu marşrut qlobal təchizat zəncirlərinin alternativ və dayanıqlı xətti kimi ön plana çıxır. Müasir mərhələdə Orta Dəhliz artıq sadəcə nəqliyyat layihəsi deyil, türk dövlətləri arasında siyasi koordinasiya, iqtisadi inteqrasiya və strateji qarşılıqlı asılılığın əsas platformasına çevrilir. Yeni türk əsri formalaşır Beləliklə, son proseslər göstərir ki, türk dövlətləri arasında əməkdaşlıq mərhələli şəkildə institusional və strateji xarakter alır. Əgər əvvəllər bu əməkdaşlıq, əsasən, mədəni-humanitar çərçivədə qiymətləndirilirdisə, indi təhlükəsizlik, texnologiya, logistika və iqtisadi koordinasiya əsas prioritetlərə çevrilib. Azərbaycan isə bu transformasiyada əsas təşəbbüskar və ideya mərkəzlərindən biri kimi çıxış edir. Bir sözlə, Şuşadan Türküstana uzanan strateji xətt türk dünyasının artıq ortaq keçmişin deyil, həm də ortaq gələcəyin layihəsi üzərində işlədiyini göstərir.
Türk dünyası yan-yana, Şuşadan Türküstana Türk dünyası yan-yana, Şuşadan Türküstana Türk dünyası yan-yana, Şuşadan Türküstana Türk dünyası yan-yana, Şuşadan Türküstana Türk dünyası yan-yana, Şuşadan Türküstana Türk dünyası yan-yana, Şuşadan Türküstana
Mənbə oxu.az

Oxşar Xəbərlər