Siyasət
Avropadan Azərbaycana qaytarılan şəxslərin SAYI AÇIQLANDI
"Azərbaycanın imzaladığı və qüvvədə olan müvafiq sazişlər çərçivəsində 2026-cı ilin aprel ayında 44 nəfər ölkəyə readmissiya olunub". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib. Qeyd olunub ki, Avropa ölkələrindən geri qaytarılan həmin şəxslər Azərbaycan tərəfindən qəbul olunublar. Məlumata görə, aprel ayı ərzində DMX-yə müvəqqəti yaşama icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 6 680 müraciət daxil olub. Daimi yaşama icazəsinin alınması və müddətinin uzadılması üçün isə 542 müraciət qeydə alınıb. Bundan əlavə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılmasına dair 1 025 müraciət daxil olub. Hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 23 316 müraciət edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən aprel ayında miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar 1 746 inzibati qərar qəbul olunub. Həmçinin bu ilin aprel ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı 149, ilin ilk dörd ayında isə ümumilikdə 516 qərar verilib.
Mənbə
oxu.az