Digər

Yaxşı niyyətin illüziyası - Empatiyanın sərhədləri

10 May 2026, 21:00 1 baxış
Yaxşı niyyətin illüziyası - Empatiyanın sərhədləri
Bu yaxınlarda bəzi neyroelm tədqiqatlarını oxudum. Bir insanın emosiyasını gördükdə beynimizdə "Mirror Neurons" (Güzgü neyronları) aktivləşir və bu, bizdə oxşar daxili reaksiyalar yarada bilir. Yəni biz qarşı tərəfi təkcə müşahidə etmirik, qismən simulyasiya edirik. Üz ifadələri də bu prosesin bir hissəsidir. "Facial Feedback Hypothesis" (Üz reaksiyası fərziyyəsi) göstərir ki, üz əzələlərinin aktivliyi emosional təcrübəni zəif də olsa modulyasiya edə bilər. Amma bu təsir emosiyanın əsas mənbəyi deyil - daha çox tənzimləyici mexanizmdir. Bu səbəbdən emosiya yalnız "beyində baş verən hadisə" kimi yox, beyin-bədən-sosial siqnal sistemi kimi düşünülməlidir. Məsələn, botoksla bağlı bəzi tədqiqatlar göstərir ki, üz mimikasının azalması emosiyaların tanınması və emosional rezonansda müəyyən dəyişikliklər yarada bilər. Empatiya isə vahid bir qabiliyyət deyil. Onu iki fərqli mexanizm kimi ayırmaq daha doğrudur: Emosional empatiya - başqasının hissini daxildə yaşamaq; Koqnitiv empatiya - başqasının vəziyyətini analiz edərək anlamaq. Amerikalı psixiatr Pol Blum empatiyanın sistematik qərəz yarada biləcəyini vurğulayır: insanlar emosional olaraq yaxın olduqlarına daha çox reaksiya verir, uzaqdakıları isə avtomatik olaraq ikinci plana keçirirlər. Məşhur iqtisadçı Adam Smit də oxşar şəkildə göstərirdi ki, hisslər çox vaxt ədalətli qiymətləndirməni təhrif edir. Buradan nəticə belə formalaşır: empatiya qərarvermə mexanizmi deyil, qərarvermə üçün istifadə olunan məlumat qatıdır. Qərarvermə isə daha fərqli səviyyədə işləyir. Amerikalı psixiatr Daniel Kaneman göstərir ki, insan qərarları heç vaxt tam rasional sistem deyil - intuisiya və emosional proseslər hər zaman qərarın içindədir. Empatiyanın başqa bir tərəfi isə koqnitiv yüklə bağlıdır. Tanış emosiyaları anlamaq avtomatik və az enerji tələb edən prosesdir. Amma tanımadığın emosional vəziyyətləri interpretasiya etmək daha çox koqnitiv resurs tələb edir və bu da yorğunluq yaradır. Bu səbəbdən: - oxşar təcrübə paylaşan insanlar daha asan "anlaşılan" olur; - fərqli təcrübə fonları isə daha çox zehni səy tələb edir. Bu empatiyanın zəifliyi deyil, onun strukturudur. Nəticə olaraq empatiya səni daha həssas edir, amma avtomatik olaraq daha düzgün qərar verən insan etmir. Düz model belədir: Empatiya ilə anlayırsan, məntiqlə qərar verirsən. Əks halda nəticə çox vaxt "yaxşı niyyətlə verilmiş, amma struktur olaraq səhv olan qərarların" uzunmüddətli bədəlini ödəmək olur. Amma burada daha dərin bir problem ortaya çıxır: Empatiyanın özü də qərarverməyə təsir etdiyi kimi, bizim ümumiyyətlə "nəyi doğru hesab etdiyimiz" mexanizminə də təsir edir. Çünki qərar təkcə məntiqlə yox, həm də qavrayışla formalaşır və qavrayışın içində artıq qərəz var. Bu nöqtədən sonra məsələ empatiyadan çıxır və daha fundamental bir sahəyə keçir: qərəz və obyektivlik illüziyası. Qərəz mövzusunda isə daha narahatedici bir nəticə: insanlar çox vaxt obyektivlik iddiası ilə öz qərəzlərini gizlədirlər. Hər iki tərəf qarşı tərəfi daha qərəzli hesab edir. Bu klassik psixoloji refleksdir. Amma aparılan geniş analizlər göstərir ki, bu fərq düşündüyümüz qədər asimmetrik deyil - qərəz hər iki tərəfdə mövcuddur və çox vaxt səviyyə baxımından oxşardır. Burada kritik məqam budur: "qarşı tərəf daha qərəzlidir" inamı özü də bir idrak təhrifidir. Yəni insan təkcə mövzunu yox, öz mövqeyini də kor nöqtədən qiymətləndirir. Bu nöqtədə əsas nəticə sadədir: düşüncə prosesi çox vaxt saf rasional analiz deyil, motivasiyalı interpretasiya üzərində işləyir. İnsanlar elmi nəticəni belə emosional və sosial risk kontekstində qiymətləndirirlər. Burada əsas mexanizm "zərər qavrayışı"dır - insanlar nəticənin sosial təsirini elmi məzmundan üstün qiymətləndirə bilirlər. Bu isə fundamental bir problem yaradır: əgər elmi nəticə fakt kimi yox, potensial sosial nəticəsi ilə ölçülürsə, bilik istehsalı artıq filtrdən keçmiş olur. Nəticə sadədir: insanlar çox vaxt "nə doğrudur?" sualından çox "bu kimə nə verir?" sualına fokuslanırlar. Bu yanaşma başadüşüləndir. Amma elmin funksiyası məhz bu avtomatik refleksin üstündən keçməkdir. Əks halda ortaya real bilik yox, emosional olaraq daha rahat qəbul edilən bilik çıxır. Ümumi nəticə sərtdir: istər fərdi düşüncə, istər sosial qavrayış olsun - insan beyni reallığı obyektiv xəritə kimi yox, filtrdən keçirilmiş model kimi qurur. Bu filtrin əsas mənbələri üç yerə ayrılır: genetika - beynin doğuşdan gətirdiyi bioloji meyillər, mühit - insanın yaşadığı sosial və psixoloji təcrübələr, idrak qərəzi isə - beyinin reallığı tam obyektiv yox, mövcud inanc və emosional filtrlərlə interpretasiya etməsidir. Problem isə buradadır: insanlar çox vaxt üçüncünü nəzərə almadan yalnız ilk ikisi üzərində müzakirə aparırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər