Cəmiyyət
Skuterlər uşaqlarda sümük-əzələ problemlərini kəskinləşdirə bilər
Skuterlər uşaqların sümük-əzələ sistemində birbaşa ciddi fəsadlar yaratmasa da, bədəndə əvvəldən mövcud olan tarazlıq pozuntularını və asimmetriyanı daha da kəskinləşdirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı osteopat Dmitri Simkin "Gazeta.ru"ya müsahibəsində xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, uşağın bədənində ciddi tarazlıq problemi olmadıqda o, ağırlığı bərabər bölərək ayaqlarını asanlıqla növbələyə bilir. Lakin balans pozuntusu olan uşaqlar adətən yalnız bir ayaqdan istifadə etməyə meyilli olurlar: "Bu vəziyyət həmin ayağın digərinə nisbətən daha çox güclənməsinə, çanaq sümüyünün əyilməsinə və onurğa sütununa düşən təzyiqin qeyri-bərabər paylanmasına səbəb olur. Nəticədə mövcud qamət problemləri daha da dərinləşir". D.Simkin qeyd edib ki, skuterin təkbaşına əzələ asimmetriyasına və ya qamət qüsurlarına səbəb olmasını sübut edən rəsmi klinik araşdırmalar yoxdur. Əksinə, klassik skuterlər hər iki ayaqla simmetrik idarə olunduqda fiziki inkişafı dəstəkləyir. Təhlükələr əsasən uşağın fərdi sağlamlıq vəziyyəti və əvvəllər aldığı travmalarla bağlıdır. Zədələnmələrdən sonra bədən toxumalarında qalan gərginlik ocaqları zamanla bədənin ümumi tarazlığını pozur və fərqli nahiyələrdə ağrılara yol açır. Həkim vurğulayıb ki, uşağın skuter sürərkən davamlı olaraq yalnız bir ayağından istifadə etməsi və ayaqlarını dəyişə bilməməsi valideynlər üçün əsas həyəcan siqnalı olmalıdır. Belə hallarda skuteri qadağan etmək deyil, gizli gərginlik nöqtələrini aşkar edəcək bir mütəxəssisə - osteopata müraciət etmək tövsiyə olunur.
Mənbə
oxu.az